Prezident İlham Əliyev: “Məqsədimiz Azərbaycan-İran dövlətlərarası əlaqələrini daha da yüksəltməkdir”.
2025-ci il aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində keçirilən görüşlərdən sonra Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian mətbuat qarşısında bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev İran Prezidentinin Azərbaycana səfərini iki ölkə arasında mövcud dostluq və əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsi adlandırıb.
Prezident İlham Əliyev qeyd edib ki, xalqlarımız əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində yaşayıb. Bu tarixi bağlılıq bu gün də dövlətlərarası münasibətlərin inkişafında əsas dayaqlardan biridir. Prezident bildirib: “Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır.”
Strateji əməkdaşlıq təsdiqləndi
Görüş zamanı hər iki ölkənin nümayəndə heyətləri arasında geniş tərkibdə danışıqlar aparılıb, regional təhlükəsizlik, ticarət, nəqliyyat, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret addımlar müzakirə olunub. Prezident İlham Əliyev vurğulayıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi xüsusi əhəmiyyətə malikdir və Azərbaycan bu layihənin icrası üçün zəruri infrastruktur layihələrini uğurla həyata keçirib.
İmzalanmış səədlər
Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Bunlar arasında 2025–2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı, nəqliyyat və dənizçilik sahələrində əməkdaşlığa dair anlaşmalar, mədəniyyət və media sahəsində əməkdaşlıq memorandumu yer alır. Prezident Əliyev bu sənədlərin qarşılıqlı xoş niyyətin ifadəsi olduğunu qeyd edib.
Qarşılıqlı etimad və hörmət əsasında münasibətlər
Azərbaycan və İran Prezidentləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini də vurğulayıblar. BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi platformalarda bir-birini dəstəkləyən iki dövlət, bundan sonra da çoxtərəfli əməkdaşlıqda birgə çıxış etməyə davam edəcəklər.
Mədəniyyət körpüləri yenidən qurulur
Prezident İlham Əliyev mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edərək, qarşılıqlı mədəniyyət günlərinin yaxın zamanda bərpa ediləcəyini bildirib. “Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır”, – deyə Prezident əlavə edib.
Faciəyə baxmayaraq səfər həyata keçirildi
Prezident İlham Əliyev İranda baş vermiş faciəyə görə iranlı həmkarına və qardaş İran xalqına başsağlığı verərək, Prezident Pezeşkianın bu ağır günlərdə səfəri reallaşdırmasını yüksək qiymətləndirib. “Allah xalqlarımızı bəlalardan qorusun, bölgəmizdə hər zaman sülh və əmin-amanlıq olsun”, – deyə Prezident qeyd edib.
İkitərəfli münasibətlərin tarixi
Azərbaycan və İran arasında diplomatik əlaqələr 1992-ci ilin martında qurulub. Hər iki ölkədə səfirliklər və baş konsulluqlar fəaliyyət göstərir. Siyasi iradəyə əsaslanan mehriban qonşuluq münasibətləri bu gün iqtisadiyyat, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və digər sahələr üzrə geniş əməkdaşlıqla davam edir.
Prezident İlham Əliyev yekunda bildirib: “Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra da yüksələn xətlə inkişaf etdirəcək”.
Ülviyyə Həmzəyeva Milli Məclisin deputatı