BBC-nin uşaqlar üçün hazırladığı məşhur televiziya proqramları Netflix platformasında xüsusi bölmədə təqdim olunacaq. Yeni əməkdaşlıq sayəsində “Teletubbies”, “Numberblocks” və “Hey Duggee” kimi tanınmış ekran işləri daha geniş auditoriyaya çatacaq.
Bugun.tv xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
BBC ilə Netflix arasında əldə olunan razılaşmaya əsasən, uşaqlar üçün nəzərdə tutulan 24 proqram xüsusi “CBeebies” bölməsində yerləşdiriləcək. Layihə dekabr ayının əvvəlindən etibarən altı ay müddətində sınaqdan keçiriləcək.
Yeni bölmə Çin, Yeni Zelandiya və Cənubi Afrika istisna olmaqla, dünyanın müxtəlif ölkələrindəki Netflix istifadəçiləri üçün əlçatan olacaq.
BBC nümayəndələrinin sözlərinə görə, əməkdaşlıq telekanala daha çox ailəyə çatmaq, Netflix-ə isə keyfiyyətli uşaq məzmununu genişləndirmək imkanı yaradacaq. Sınaq müddəti başa çatdıqdan sonra layihənin nəticələri qiymətləndiriləcək.
Bu addım uşaqların televiziya vərdişlərinin dəyişdiyi bir dövrə təsadüf edir. Son illərdə azyaşlı tamaşaçılar arasında YouTube və Netflix kimi rəqəmsal platformalara maraq artıb. BBC də öz proqramlarını yeni izləyici auditoriyasına çatdırmaq üçün rəqəmsal xidmətlərlə əməkdaşlığını genişləndirir.
Mənbə: The Guardian
