Bugun.tv xəbər verir ki, Böyük Britaniyada əczaçılar və ailə həkimləri ölkədə son illərin ən ciddi dərman qıtlığının yaşandığını bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, vəziyyət minlərlə xəstənin müalicəsinə mənfi təsir göstərir və bəzi hallarda xəstələrə alternativ preparatlar təyin etmək məcburiyyətində qalırlar.
Məlumata görə, xüsusilə ağrıkəsicilər, epilepsiya əleyhinə preparatlar, hormonal terapiya dərmanları və bəzi antibiotiklərin tədarükündə ciddi problemlər yaranıb. Əczaçılar bildirirlər ki, bəzi dərman vasitələrinin əldə olunması üçün həftələrlə gözləmək lazım gəlir.
Milli Səhiyyə Xidməti (NHS) həkimləri qeyd edirlər ki, dərman çatışmazlığı xroniki xəstəliklərdən əziyyət çəkən insanların müalicə prosesini çətinləşdirir. Bəzi pasiyentlər uzun müddətdir istifadə etdikləri preparatları dəyişməyə məcbur qalır ki, bu da əlavə sağlamlıq riskləri yarada bilər.
Mütəxəssislər problemin əsas səbəbləri kimi qlobal təchizat zəncirindəki pozuntuları, istehsal xərclərinin artmasını və bəzi dərmanlara tələbatın gözlənilmədən yüksəlməsini göstərirlər. Böyük Britaniya hökuməti vəziyyətin nəzarətdə saxlanılması üçün istehsalçılar və distribyutorlarla əməkdaşlığın davam etdirildiyini açıqlayıb.
Mənbə: The Guardian
