Bugun.tv xəbər verir ki, Ukrayna iyunun 18-nə keçən gecə Rusiyanın paytaxtı Moskvaya və ətraf bölgələrə genişmiqyaslı pilotsuz uçuş aparatları ilə hücum təşkil edib. Hücum zamanı paytaxtın cənub-şərqində yerləşən və ölkənin ən iri neft emalı müəssisələrindən biri hesab olunan Moskva Neft Emalı Zavodu zərbə alıb.
Məlumata görə, partlayış nəticəsində yanacaq çənlərindən birinin metal örtüyü havaya sovrulub, zavod ərazisində yanğın baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə yerindən qalxan qara tüstü sütunları əks olunub.
Rusiya rəsmiləri hücum zamanı yüzlərlə pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildiriblər. Hadisə səbəbindən Moskvanın bəzi hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumu Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi zərbələrə cavab kimi qiymətləndirib. O, uzunmənzilli əməliyyatların davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, bu, son günlər ərzində Moskva neft emalı zavoduna edilən ikinci hücumdur. Müəssisə Moskva regionunun əsas yanacaq təchizatçılarından biri hesab olunur.
Mənbə: The Guardian
