Bugun.tv xəbər verir ki, Qazaxıstanlı sosial media fenomeni Dilyara Xamzina idman zalından çıxarkən çantasında olan daşınan enerji yığma qurğusunun (powerbank) partlaması nəticəsində ağır xəsarətlər alıb.
Hadisə idman zalının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə çantadan qəfil alovun qalxdığı və bir neçə saniyə ərzində alovun gənc qadının saçlarına keçdiyi əks olunub. Xamzina baş verənlərə ilk anda nə baş verdiyini anlamadığını bildirib.
Partlayış nəticəsində fenomenin baş dərisi, saçları, qaşları, kirpikləri və bədəninin sağ hissəsində ciddi yanıq xəsarətləri əmələ gəlib. Hadisə zamanı idman zalının əməkdaşlarından biri yanğınsöndürən balonla alovları söndürməyə çalışsa da, ilk müdaxilə kifayət etməyib. Daha sonra çanta binadan çıxarılıb və yanğın tam nəzarət altına alınıb.
Yaşadığı dəhşətli anlardan danışan Dilyara Xamzina bildirib ki, ətrafda yalnız partlayış səsləri eşidilib və o, yanan əşyanın öz çantası olduğunu sonradan anlayıb. Onun sözlərinə görə, idman zalının əməkdaşları çantanı üzərindən uzaqlaşdıraraq daha ağır nəticələrin qarşısını alıblar.
Mütəxəssislər litium-ion batareyalarla işləyən powerbankların zədələnməsi və ya həddindən artıq qızması zamanı partlayış və yanğın riski yarada biləcəyini xatırladırlar.
Mənbə: Ensonhaber
