Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə sosial media hesabında paylaşım edərək Azərbaycan xalqını təbrik edib.
Deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi və dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanma və xaos təhlükəsindən xilas edib, müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyub.
Ceyhun Məmmədov qeyd edib ki, bu əlamətdar tarix milli birliyin, həmrəyliyin və dövlətçiliyin möhkəmlənməsinin rəmzi kimi Azərbaycan tarixinə həkk olunub. O vurğulayıb ki, ölkənin bu gün əldə etdiyi uğurların təməlində məhz həmin dövrdə atılmış uzaqgörən və qətiyyətli addımlar dayanır.
Deputat paylaşımında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunması, eləcə də ölkənin hərtərəfli inkişafı həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələridir.
Sonda Ceyhun Məmmədov Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərini təbrik edərək Azərbaycana davamlı inkişaf, əmin-amanlıq və firavanlıq arzulayıb.

