Bugun.tv xəbər verir ki, stomatoloq-ortoped German Dyak üzün sürətli qocalmasının çox vaxt diqqətdən kənarda qalan səbəblərindən birinin diş itkisi olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, hətta bir dişin itirilməsi çənədə sümük toxumasının sürətlə azalmasına səbəb ola bilər. Diş olmadıqda həmin nahiyədə çeynəmə yükü dayanır və zaman keçdikcə sümük toxumasının həcmi azalır. Bu proses isə üzün formasına təsir göstərə bilər.
Dyak bildirib ki, çənə-üz quruluşunda yaranan dəyişikliklər nəticəsində burun-dodaq qırışları daha nəzərəçarpan hala gələ, çənə nahiyəsində sallanma və ağız ətrafında daha dərin qırışlar yarana bilər.
Stomatoloq üzün yaşlanmasına təsir edən digər amillər arasında dişlərin patoloji aşınmasını da qeyd edib. Onun sözlərinə görə, bruksizm, yəni dişlərin xüsusilə yuxu zamanı sıxılması və qıcırdılması, həmçinin düzgün olmayan dişləmə diş taclarının hündürlüyünün azalmasına gətirib çıxara bilər.
Mütəxəssis qeyd edib ki, dişləmənin düzgün şəkildə korreksiya edilməsi üz profilindəki bəzi yaşlanma əlamətlərinin azalmasına kömək edə bilər.
Mənbə: Health Mail
