25 C
Baku
27 İyul 2024, 5:01
Baş xəbər

“Erməni cəmiyyətinin böyük hissəsi sülh istəyir”- Cavanşir Feyziyev

“Erməni cəmiyyətinin böyük hissəsi sülh istəyir”- Cavanşir Feyziyev

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilməsi ilə yanaşı qoca qitənin Fransa başda olmaqla nüfuzlu ölkələrinin hələ də qatı ermənipərəst mövqe sərgiləmələri, Emanuel Makronun Ermənistanın haqsız mövqeyini dəstəkləyən açıqlamaları haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub.

Millət vəkili Cavanşir Feyziyev Bugün.tv-yə müsahibəsində bu haqlı narazılığa münasibətini açıqlayıb: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması faktdır və bunu həm Avropa, həm də ABŞ etiraf edir. Amma bu fakt bizi ermənipərəst mövqeyi ilə seçilən bir sıra Avropa ölkələrinin, xüsusilə Fransanın Azərbaycan əleyhinə fəaliyyət göstərməsindən sığortalamır. Prezident Makronun timsalında Fransa Respublikasının Cənubi Qafqaz ölkələri ilə bağlı mövqeyi ədalətli olmadığı üçün, təbii olaraq tərəfimizdən ciddi müqavimətlə üzləşir. Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması Fransanı və bölgədə marağı olan digər güc mərkəzlərini əvvəllər mövcud olmuş münaqişədən sui-istifadə etməklə bölgəyə müdaxilə etmək imkanından məhrum edir. Sonuncu Praqa görüşündə Aİ – nın adı altında Fransanın monitorinq qrupunun əraziyə gətirilməsi kimi absurd ideyanın Prezident İlham Əliyev tərəfindən rədd edilməsi isə görünür Makronu qisasa həvəsləndirib. Amma bunun heç bir nəticəsi olmayacaq”.

Azərbaycan diplomatiyasının enerji kartından yetərincə istifadə edə bilməməsi iddialarına münasibət bildirən parlamentari qeyd edib ki, bu iddialar kökündən yanlışdır və tamamilə əsassızdır.

Millət vəkili bildirib ki, son zamanlar onun da qarşısına çıxan bəzi suallar var. Xüsusilə müzakirə olunanların “Vaşinqtonda Azərbaycan səfirliyinin avtomobilinin atəşə tutulması, Londondakı səfirliyimizə edilən hücum və niyə rəsmi Bakı bundan yetərincə istifadə edə bilmir?” – deyə qeyd edənlərin olduğunu söyləyib. Onun sözlərinə görə, rəsmi Bakı bütün baş verənləri təhlil edir və bu başdan real olmadığı bəlli olan fəaliyyətlərə rəvac vermir. “Bu, diplomatiyamızın zəifliyi yox, əksinə praqmatik və səmərəli olduğunun göstəricisidir”.

Prezident İlham Əliyev bəyan etdi ki, tezliklə sülh müqaviləsi imzalana bilər. Ermənilərin sülh prosesini pozmaq üçün vaxtilə Ter Petrosyana qarşı etdiklərini Paşinyana qarşı da edə bilmələri nə dərəcədə realdır sualına cavabında parlamentari, erməni cəmiyyətinin artıq bir dəfə girdiyi bataqlığa ikinci dəfə girməməli olduğunu düşündüyünü deyib. Bildirib ki, vətən müharibəsinin onlar üçün acı nəticələri erməniləri bu dəfə daha rasional düşünməyə vadar etməlidir. “İnanıram ki, erməni cəmiyyətinin böyük hissəsi sülh istəyir”.

Aynur Camal

Oxşar xəbərlər

Güclü yağışlar nəticəsində 1 nəfər öldü, 2 nəfər itkin düşdü

Bugün TV

Martın 07-də gözlənilən hava şəraiti

Aynur Camal

Si Cinpin: Tayvanı Çindən ayırmaq cəhdlərinin qarşısı alınacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu