Gecə lampası, televizor və ya digər işıq mənbələri açıq vəziyyətdə yatmaq maddələr mübadiləsini poza və zamanla çəki artımı riskini yüksəldə bilər.
Somnologiya üzrə mütəxəssis Zheng Tianming bildirib ki, hətta göz qapaqları bağlı olsa belə, zəif işıq torlu qişadakı işıq reseptorlarını aktivləşdirir. Bu isə orqanizmin bioloji saatını tənzimləyən Melatonin hormonunun ifrazını azaldır.
Mütəxəssisin sözlərinə görə, melatoninin azalması yalnız yuxunun keyfiyyətinə deyil, həm də iştahanın tənzimlənməsinə və maddələr mübadiləsinə təsir göstərir.
National Institutes of Health alimlərinin apardığı və JAMA Internal Medicine jurnalında dərc olunan araşdırmada 43 mindən çox qadın beş il ərzində müşahidə olunub. Nəticələrə görə, gecələr işıq və ya televizor açıq vəziyyətdə yatan qadınlarda 5 kiloqramdan artıq çəki alma riski 17 faiz daha yüksək olub. Artıq çəki və piylənmə ehtimalı isə müvafiq olaraq 22 və 33 faiz artıb.
Həkim qeyd edib ki, gecə işığı aclıq hissini artıran hormonlarla toxluq siqnalı verən hormonlar arasındakı tarazlığı poza bilər. Bu səbəbdən insan gecə yemək yeməsə belə, ertəsi gün daha çox aclıq hiss edir və kalorili qidalara meyl artır.
Mütəxəssislər yataq otağının mümkün qədər qaranlıq saxlanılmasını tövsiyə edir. Əgər gecə işığından tam imtina etmək mümkün deyilsə, mavi işıq əvəzinə qırmızı və ya narıncı tonlara üstünlük verilməsi məsləhət görülür.
Mənbə: mail.ru
