Bugun.tv xəbər verir ki, nevroloq-refleksoterapevt Milyauşa Mamadalıyeva uzun müddət yatmağın da sağlamlıq üçün mənfi nəticələr yarada biləcəyini bildirib.
“Gazeta.Ru”ya danışan həkimin sözlərinə görə, həftə ərzində az yatan və həftəsonu 10–12 saat yataraq “yuxusunu çıxarmağa” çalışan insanlar bəzən özlərini daha yorğun hiss edirlər. Bu vəziyyət tibbdə hipersomniya kimi tanınır.
Mütəxəssis qeyd edib ki, uzunmüddətli yuxudan sonra insanlarda yuxu ətaləti yarana bilər. Bu zaman oyandıqdan sonra 2–3 saat ərzində halsızlıq, diqqətin zəifləməsi və baş ağrısı müşahidə oluna bilər.
Həkimin sözlərinə görə, həddindən artıq yuxu həmçinin sutkalıq bioloji ritmlərin pozulmasına səbəb ola bilər. Bu isə gündüz yuxululuğu və gecə yuxusuzluğu ilə nəticələnə bilər.
Mamadalıyeva bildirib ki, araşdırmalarda 9 saatdan çox yuxu qan dövranında iltihab göstəricilərinin artması ilə əlaqələndirilir. Uzun müddət davam edən iltihab prosesləri isə beyində koqnitiv funksiyaların pozulması riskini artıra bilər.
Mütəxəssis həmçinin uzun yuxunun xoruldama və gecə apnesi kimi problemləri ağırlaşdıra biləcəyini qeyd edib. Bu zaman yuxu zamanı tənəffüsün qısa müddətli dayanması beyində oksigen çatışmazlığına səbəb ola bilər.
Həkim böyüklər üçün gündə 7–8 saat yuxunu optimal hesab edir. Onun sözlərinə görə, insan uzun yatmasına baxmayaraq daim yorğunluq hiss edirsə, bunun səbəbi xroniki yorğunluq, depressiya və ya qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntular ola bilər.
Mənbə: “Gazeta.Ru”
