Bugun.tv xəbər verir ki, ümumi praktika həkimi Yelena Pavlova yataq dəstinin ən azı 7–10 gündən bir dəyişdirilməsinin sağlamlıq üçün vacib olduğunu bildirib. Onun sözlərinə görə, istifadə olunan yataq dəstində zaman keçdikcə toz gənələri və bakteriyalar sürətlə çoxalır.
Həkim qeyd edib ki, insan ömrünün təxminən üçdə birini yataqda keçirir. Cəmi iki həftə ərzində yataqda 1,5 milyona qədər toz gənəsi toplana bilər. Bu canlılar insanı dişləməsələr də, onların ifrazatları güclü allergen hesab olunur və burun tutulması, asqırma, dəri qaşınması kimi narahatlıqlara səbəb ola bilər.
Yelena Pavlova bildirib ki, əgər bu əlamətlər yataqdan qalxdıqdan təxminən bir saat sonra aradan qalxırsa, bunun səbəbi məhz toz gənələri ola bilər. O əlavə edib ki, toz hissəcikləri tənəffüs yollarını qıcıqlandırır və yuxunun keyfiyyətini də pisləşdirə bilər.
Mütəxəssis yataq dəstinin ən azı 60 dərəcə temperaturda yuyulmasını tövsiyə edib. Onun sözlərinə görə, yalnız bu temperaturda toz gənələri məhv olur. Həkim, həmçinin oyandıqdan dərhal sonra yatağı yığmağın düzgün olmadığını, əvvəlcə yatağın havalanmasına və rütubətin buxarlanmasına imkan verməyin daha məqsədəuyğun olduğunu bildirib.
Mənbə: NEWS.ru

