Bugun.tv saytına daxil olan məlumata görə, “Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyinin sədri, vərəm xəstəlikləri üzrə həkim Taryel Həsənov vərəmlə mübarizədə fərdi məsuliyyətin və maarifləndirmənin əhəmiyyətinə diqqət çəkib.
Taryel Həsənov bildirib ki, insan sağlamlığının qorunması ilk növbədə fərdi məsuliyyətdən başlayır. Onun sözlərinə görə, vərəmlə mübarizədə hər bir insanın sağlamlığı ilə bağlı düzgün qərarlar qəbul etməsi və xəstəliyin əlamətlərinə diqqət yetirməsi mühüm əhəmiyyət daşıyır.
Həkim qeyd edib ki, sağlamlıq vəziyyətində qeyri-adi dəyişikliklər müşahidə olunduqda vaxtında tibbi məsləhət almaq vacibdir. Vərəm haqqında məlumatlı olmaq isə xəstəliyin əlamətlərini vaxtında tanımağa və lazımi tədbirləri görməyə imkan verir.
Taryel Həsənov vərəmlə bağlı ən yanlış yanaşmalardan birinin xəstəliyi gizlətmək olduğunu vurğulayıb. O bildirib ki, vaxtında həkimə müraciət müalicənin effektivliyinin artırılması ilə yanaşı, xəstəliyin yayılmasının qarşısının alınmasına da kömək edir.
Həkim-mütəxəssislərin tövsiyələrinə əməl etməyin müalicənin mühüm hissəsi olduğunu deyən Həsənov dərmanların düzgün qəbulu, mütəmadi tibbi nəzarət və sağlam həyat tərzinin müsbət nəticələrin əldə olunmasına şərait yaratdığını qeyd edib.
Onun sözlərinə görə, cəmiyyətin də bu məsələdə üzərinə mühüm məsuliyyət düşür. İnsanların sağlamlıq məsələləri barədə məlumatlandırılması, tibbi xidmətlərdən düzgün istifadə etməsi və vərəm xəstəliyi olan şəxslərə anlayışla yanaşılması vacibdir.
Taryel Həsənov bildirib ki, vərəm bu gün də diqqət tələb edən xəstəliklərdən biridir. Bununla belə, düzgün yanaşma və vaxtında müalicə ilə xəstəliyin qarşısını almaq və onu uğurla müalicə etmək mümkündür.
