Mədəniyyət

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

Bugun.tv xəbər verir ki, Azərbaycanın görkəmli söz ustası, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri ilə seçilən görkəmli şəxsiyyətlərdən biri olub. O, 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub, Gəncə Dövlət Universitetində və Moskva şəhərində M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

Nəriman Həsənzadə uzun illər müxtəlif mətbuat orqanlarında, televiziya və radio sahəsində, dövlət qurumlarında, eləcə də ədəbi təşkilatlarda məsul vəzifələrdə çalışıb. O, 1976–1990-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub, 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, sonrakı illərdə isə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində fəaliyyət göstərib.

Xalq şairinin yaradıcılığı Azərbaycan poeziyasında xüsusi yer tutur. Onun vətənpərvərlik, milli-mənəvi dəyərlər və insan taleyinə həsr olunmuş çoxsaylı şeirləri, poemaları və mənzum dramları oxucuların böyük rəğbətini qazanıb. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub və müxtəlif ölkələrdə nəşr edilib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Nəriman Həsənzadə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, həmçinin Heydər Əliyev Mükafatına layiq görülüb.

Mədəniyyət Nazirliyi Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

1965-ci ildə yazılmış və indiyədək yayımlanmayan David Bowie mahnıları işıq üzü görəcək

Aynur Camal

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu