Bugun.tv xəbər verir ki, həkim Nadejda Patlataya gündəlik duz qəbulunu azaltmağa kömək edə biləcək sadə üsullardan birinin dilin müntəzəm təmizlənməsi olduğunu bildirib.
NEWS.ru-ya danışan Dövlət Təhsil Universitetinin fundamental tibb fənləri kafedrasının dosenti qeyd edib ki, dilin üzərində toplanan ölü hüceyrələr və mikroorqanizmlər dad reseptorlarının fəaliyyətinə təsir göstərə bilər. Dilin müntəzəm təmizlənməsi dad hissiyatını gücləndirir və nəticədə insan yeməklərdə daha az duz və şəkərdən istifadə etməyə başlaya bilər.
Mütəxəssisin sözlərinə görə, sağlam dil adətən çəhrayı rəngdə olur və üzərində ləkələr müşahidə edilmir. Ağ ərpin yaranması isə ağız boşluğunda gigiyena problemlərindən və bəzi hallarda göbələk infeksiyasından xəbər verə bilər.
Patlataya dilin gündə bir dəfə, səhərlər ehtiyatla təmizlənməsini tövsiyə edib. Bunun üçün xüsusi dil qaşıyıcısından və ya yumşaq tüklü diş fırçasından istifadə etmək mümkündür.
Həkim xəbərdarlıq edib ki, dili həddindən artıq güclü sürtmək olmaz. Aqressiv hərəkətlər ağız boşluğunda xırda zədələnmələrə səbəb ola bilər. O, ağız yaxalayıcısından istifadə edilməsini və konkret vasitənin seçimi ilə təmizləmə qaydasının həkimlə məsləhətləşdirilməsini tövsiyə edib.
Mənbə: Health Mail.ru
