Mövsümi meyvə və giləmeyvələrdən maksimum fayda əldə etmək üçün onları müxtəlif rənglərdə seçmək tövsiyə olunur.
Bugun.tv xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, dietoloq Andrey Bobrovski bu barədə Radio Sputnik-ə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, “göy qurşağı qaydası” adlanan bu prinsipə əsasən, süfrədə nə qədər çox rəngdə meyvə və giləmeyvə olarsa, orqanizm bir o qədər çox vitamin, mineral, mikroelement və lif qəbul edər.
Dietoloq bildirib ki, meyvələri bütöv şəkildə yemək daha faydalıdır. Onun sözlərinə görə, təzə meyvə və giləmeyvələr şirə və smuzilərdən daha çox qida dəyərinə malikdir. Mümkün olduqda qabığını soymamaq da tövsiyə edilir, çünki faydalı maddələrin böyük hissəsi məhz qabıq hissəsində toplanır.
Andrey Bobrovski mövsüm ərzində xüsusilə qaragilə, böyürtkən, moruq və çiyələyin istehlakını məsləhət görüb. O, həmçinin albalı və gilasın iltihabın azalmasına kömək etdiyini bildirib.
Dietoloqun sözlərinə görə, ərik və şaftalı zəngin vitamin tərkibi ilə yanaşı, yuxunun normallaşmasına da müsbət təsir göstərir. Bu meyvələrdə olan lif və kalium həm həzm sisteminin, həm də ürəyin sağlamlığı üçün faydalıdır.
Mütəxəssis əlavə edib ki, ümumilikdə meyvələr vitamin və mikroelementlərin miqdarına görə giləmeyvələri üstələyir.
Mənbə: mail.ru

