Astronomlar NASA-nın James Webb Kosmik Teleskopunun köməyi ilə ulduzunun ölümündən sağ çıxmağı bacaran nadir ekzoplaneti ətraflı araşdırıblar. Tədqiqat alimlərə planet sistemlərinin təkamülü və gələcəyi barədə yeni məlumatlar əldə etməyə imkan verib.
Söhbət WD 1856 b adlı qaz nəhəngindən gedir. Planet Yupiterdən təxminən səkkiz dəfə böyükdür və Yerdən 81 işıq ili uzaqlıqda yerləşir. O, artıq həyat dövrünü başa vurmuş və ağ cırtdana çevrilmiş ulduzun ətrafında cəmi 1,4 günə tam dövr edir. James Webb teleskopunun müşahidələri nəticəsində planetin atmosferinin əsasən hidrogen və heliumdan ibarət olduğu, həmçinin gözləniləndən daha yüksək temperatura malik olduğu müəyyən edilib.
Alimlər hesab edirlər ki, bu planet ya ulduz qırmızı nəhəng mərhələsinə keçdikdən sonra orbitini dəyişərək indiki mövqeyə yaxınlaşıb, ya da ulduzun genişlənməsi prosesindən möcüzəvi şəkildə sağ çıxıb. Hər iki ssenari planetlərin ulduzların təkamülündən sonra da mövcud ola biləcəyini göstərir. Tədqiqatın nəticələri gələcəkdə Günəş sisteminin milyardlarla ildən sonrakı taleyini anlamaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Mənbə: Reuters

