Siyasi ekspert, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Bugun.Tv xəbər verir ki, ekspert Azərbaycan və Türkiyə arasında ötən gün 500 milyon dollar dəyərində hərbi müqavilənin imzalandığını qeyd edib.
O bildirib ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq kifayət qədər inkişaf edir. Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimləri Türk Birliyinin hərbi müstəvidə təşkilatlanması mərhələsinə keçdiyini göstərir.
Ekspert Prezident İlham Əliyevin ötən gün səsləndirdiyi fikirlərə də münasibət bildirib. O, dövlət başçısının açıqlamalarını strateji siyasi baxış kimi qiymətləndirərək, Prezidentin Minsk qrupunun həmsədrlərini ittiham etdiyini və onların Ermənistana yardım etdiyini vurğulayıb.
Məhəmməd Əsədullazadə Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yönələn fəaliyyətlərdən də danışıb. Onun sözlərinə görə, hər iki ölkədə qardaşlıq münasibətlərini hədəf alan qüvvələr mövcuddur.
Ekspert qeyd edib ki, Türkiyədə erməni və özlərini dindar hesab edən bəzi şəxslər saxta profillərdən istifadə etməklə Azərbaycanı ittiham edirlər.
