Mərakeşin şimalındakı Fnidek şəhərində kütləvi qeyri-qanuni miqrasiya cəhdindən sonra təhlükəsizlik tədbirləri davam edir. Bu arada ailələr itkin düşən övladlarını axtarmağı sürdürür.
Bugun.tv xəbər verir ki, şəhərdə vəziyyət tədricən normallaşmağa başlayıb. Mağazalar və restoranlar yenidən fəaliyyətə başlayıb, dövlət xidmətləri bərpa olunub. Bununla yanaşı, təhlükəsizlik qüvvələri Aralıq dənizini üzərək İspaniyanın Seuta (Ceuta) anklavına keçmək istəyənlərin qarşısını almaq üçün nəzarəti gücləndirib.
Hadisələr zamanı miqrasiya cəhdinə qoşulduqdan sonra itkin düşən azyaşlıların taleyi ailələrdə ciddi narahatlıq yaradıb. İspaniya mediasının yaydığı görüntülərdə çoxsaylı azyaşlıların Seutadakı sığınacaq mərkəzlərində saxlanıldığı əks olunub.
Bu uşaqların Mərakeşə geri qaytarılması məsələsi isə İspaniyada hüquqi müzakirələrə səbəb olub. İspaniya Ali Məhkəməsi 2024-cü ilin yanvarında 2021-ci ildə Seutadan Mərakeşə göndərilən azyaşlıların geri qaytarılmasının qanunsuz olduğuna qərar vermişdi. Məhkəmə hər bir uşağın vəziyyətinin ayrıca araşdırılmamasını və hüquqi prosedurların tam yerinə yetirilməməsini əsas gətirmişdi.
Xatırladaq ki, iyulun 30-da Mərakeşin Fnidek sahillərindən Seutaya üzərək keçməyə çalışan 800-dən çox qeyri-qanuni miqrant saxlanılmışdı. Rəsmi məlumatlara görə, Mərakeşdən İspaniyaya keçməyə çalışarkən həyatını itirənlərin sayı 88 nəfərə çatıb.
Mənbə: Ensonhaber
