Dünya

NASA Ay bazası planı üçün təxminən 600 milyon dollarlıq yeni müqavilələr imzalayıb

Bugun.tv xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ayda daimi fəaliyyət göstərmək məqsədilə özəl kosmik şirkətlərlə təxminən 600 milyon dollar dəyərində yeni müqavilələr bağlayıb.

NASA-nın açıqlamasına görə, vəsait 2028-ci ilin sonuna qədər Ay səthinə elmi avadanlıqlar daşıyacaq pilotsuz eniş aparatlarının hazırlanmasına yönəldiləcək.

Agentlik qarşıdakı yeddi il ərzində Ay bazası layihəsinə ümumilikdə 20 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Qurum ötən ay da proqramın ilk pilotsuz missiyaları üçün təxminən 1 milyard dollarlıq maliyyə paketi ayırmışdı.

Yeni müqavilələri ABŞ-ın Astrobotic, Firefly AerospaceIntuitive Machines şirkətləri qazanıb.

Müqaviləyə əsasən, Firefly Aerospace şirkətinə 144,2 milyon dollar, Intuitive Machines şirkətinə isə 148,3 milyon dollar ayrılıb. İki əlavə Ay eniş aparatı hazırlayacaq Astrobotic isə 297,9 milyon dollarlıq müqaviləyə sahib olub. Bununla da NASA-nın son altı ildə Astrobotic şirkətinə ayırdığı maliyyə dəstəyi 600 milyon dolları ötüb.

Məlumata görə, şirkətlər tamamilə yeni platformalar hazırlamır, əvvəllər kosmosda sınaqdan keçirilmiş eniş aparatlarının təkmilləşdirilmiş versiyalarını istifadə edəcəklər.

NASA rəhbəri Cared Ayzekman bildirib ki, agentliyin Kaliforniyadakı Jet Propulsion Laboratory mərkəzində sınaqdan keçirilən “Promise” adlı Mars robotunun Ayın cənub qütbündə resurs axtarışı üçün yenidən uyğunlaşdırılması nəzərdən keçirilir. Onun sözlərinə görə, mövcud platformaya yeni elmi alətlər inteqrasiya etməklə layihənin daha sürətli həyata keçirilməsi mümkündür.

Ayzekman həmçinin Blue Origin şirkətinin ötən ay raket mühərriki sınağı zamanı baş vermiş qəza səbəbindən bu il planlaşdırılan pilotsuz Ay missiyasının böyük ehtimalla gələn ilə təxirə salınacağını bildirib.

NASA-nın Ay Bazası Proqramının rəhbəri Karlos Qarsiya-Qalan isə Astrobotic şirkətinin eniş aparatının hələ də bu il kosmosa buraxılmasının mümkün olduğunu qeyd edib.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən hündür lifti cəmi 88 saniyəyə zirvəyə çatdırır

Aynur Camal

Rusiya: Ukrayna üzərində təzyiqi artırmağa davam edəcəyik

Aynur Camal

Kiyevə kütləvi hava zərbələri endirildi, ölən və yaralananlar var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu