Səhiyyə

Qəhvə sağlamlığa, yuxuya və narahatlığa necə təsir edir?

Qəhvə dünyada ən çox istehlak edilən içkilərdən biri olsa da, onun sağlamlığa təsiri ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər bildirirlər ki, qəhvənin insan orqanizminə təsiri təkcə qəbul edilən miqdardan deyil, həm də istifadə vaxtından, həyat tərzindən və fərdi xüsusiyyətlərdən asılıdır.

Qəhvə içildikdən bir neçə dəqiqə sonra orqanizmdə gümrahlıq hissi yaranır, diqqəti cəmləmək asanlaşır və yuxululuq azalır. Bu təsir qəhvənin tərkibində olan kofeinlə əlaqədardır. Kofein yorğunluq hissinə cavabdeh olan adenozin maddəsinin fəaliyyətini müvəqqəti olaraq bloklayır və insanın özünü daha enerjili hiss etməsinə səbəb olur.

Bununla yanaşı, qəhvənin tərkibində hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edən antioksidantlar da mövcuddur. Məhz buna görə mülayim miqdarda qəhvə istehlakı bəzi xroniki xəstəliklərin riskinin azalması ilə əlaqələndirilir.

Lakin həddindən artıq qəhvə qəbulu əks təsir göstərə bilər. Bu zaman əsəbilik, əllərdə titrəmə, ürəkdöyünmənin sürətlənməsi və daxili gərginlik hissi yarana bilər.

Mütəxəssislər qeyd edirlər ki, kofein sinir sistemini stimullaşdırır və stress hormonlarının ifrazını artırır. Bu səbəbdən xüsusilə narahatlıq pozuntularından əziyyət çəkən insanlarda qəhvə təşviş hissini gücləndirə bilər. Hətta bəzi hallarda bir fincan güclü qəhvə belə narahatlıq və diskomfort yarada bilir.

Araşdırmalara görə, insanların kofeinə reaksiyası genetik xüsusiyyətlərdən də asılıdır. Bəzi şəxslər gün ərzində bir neçə fincan qəhvə içsələr də problem yaşamırlar, digərləri isə kiçik porsiyadan sonra belə təsirləri hiss edirlər.

Qəhvənin yuxuya təsiri də diqqət çəkən məqamlardandır. Gümrahlıq hissi bir neçə saat sonra keçsə də, kofein orqanizmdə daha uzun müddət qalır. Bəzi insanlarda onun təsiri səkkiz saat və ya daha çox davam edə bilər. Buna görə də günün ikinci yarısında qəbul edilən qəhvə axşam yuxuya getməyi çətinləşdirə və yuxunun keyfiyyətini aşağı sala bilər.

Mütəxəssislər hesab edirlər ki, sağlam yetkin insanlar üçün mülayim miqdarda qəhvə istehlakı ümumilikdə təhlükəsizdir. Bununla belə, qəhvə qəbulundan sonra yuxu pozuntuları, ürəkdöyünmə və ya narahatlıq hiss edilirsə, içkinin miqdarını azaltmaq və ya günün ikinci yarısında ondan imtina etmək tövsiyə olunur.

Qəhvədən tamamilə imtina etmək isə əksər insanlar üçün zəruri hesab edilmir. Əsas məsələ orqanizmin verdiyi siqnallara diqqət yetirmək və qəhvəni ölçülü şəkildə istehlak etməkdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Təbiətə müdaxilə: 32 milyon laboratoriya ağcaqanadı sərbəst qala bilər

Aynur Camal

Üzü buzla silmək faydalıdır, yoxsa təhlükəli? – Dermatoloqlar açıqladı

Aynur Camal

Açıq pəncərə ilə yatmaq faydalıdır, yoxsa zərərlidir? – Elmi araşdırmalar nə deyir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu