İsveç hökuməti məktəblərdə planşet və kompüter istifadəsini azaltmaqla ənənəvi tədris vasitələrinə – kitab, kağız və qələmə qayıdışı əsas götürən yeni təhsil siyasəti tətbiq edir.
“Ekrandan kağıza” yanaşması
Yeni yanaşmanın məqsədi təhsil səviyyəsində müşahidə olunan geriləmənin qarşısını almaqdır. Xüsusilə azyaşlı şagirdlər üçün ekran istifadəsinin tam dayandırılması nəzərdə tutulur.
Hökumət 2019-cu ildə tətbiq edilən məktəbəqədər rəqəmsal təhsil tələblərini ləğv edib və iki yaşdan kiçik uşaqlara planşet verilməsini qadağan edib.
200 milyon dollarlıq kitab investisiyası
Məktəblərin dərsliklə təmin olunması üçün təxminən 200 milyon dollar vəsait ayrılıb. Bundan əlavə, mobil telefonların təhsil məqsədilə istifadəsi də daxil olmaqla məktəblərdə tam qadağa tətbiq olunacaq.
Alimlər qərarı dəstəkləyir
Neyroelm mütəxəssisləri bildirirlər ki, rəqəmsal cihazlar sinifdə diqqətin yayınmasına səbəb olur və ekrandan oxuma məlumatın mənimsənilməsini çətinləşdirir.
Tənqidlər də var
Bununla yanaşı, bəzi təhsil ekspertləri və iş dünyası nümayəndələri bu qərarın gələcəkdə şagirdlərin rəqəmsal bacarıqlarının zəifləməsinə səbəb ola biləcəyindən narahatdır.
Texnologiya sahəsində inkişaf etmiş ölkə olan İsveçdə bu istiqamətdə geriləmə iqtisadiyyata da təsir göstərə bilər.
OECD balanslı yanaşma tövsiyə edir
OECD nümayəndələri qeyd edirlər ki, texnologiyanın tədrisə plansız inteqrasiyası şagirdlərin PISA nəticələrinə mənfi təsir göstərmiş ola bilər. Bununla belə, rəqəmsal vasitələrdən tam imtina yox, onların balanslı istifadəsi daha məqsədəuyğun hesab olunur.
Mənbə: TrtHaber
