Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqinə kütləvi kiberhücum həyata keçirilib. Hadisədən sonra istifadəçilərə həqiqəti əks etdirməyən məlumatlar göndərilib.
Bugun.Tv xəbər verir ki, bu barədə “Mail.ru” məlumat yayıb.
Rusiya FHN-in açıqlamasına görə, naməlum şəxslər mobil tətbiqin imkanlarından istifadə edərək əhaliyə saxta bildirişlər göndəriblər. Hazırda mütəxəssislər tətbiqin normal fəaliyyətinin bərpası və təhlükəsizlik boşluğunun aradan qaldırılması istiqamətində iş aparırlar.
Nazirlik vurğulayıb ki, kiberhücum ölkənin ümumi xəbərdarlıq sisteminə təsir göstərməyib. Əhali təhlükəli hadisələr barədə məlumatları sirenlər, səsucaldanlar, SMS bildirişləri, televiziya və radio vasitəsilə almaqda davam edir.
Qurum mobil tətbiqin yalnız əlavə məlumatlandırma vasitəsi olduğunu bildirib və vətəndaşları təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb. Əhaliyə rəsmi məlumatları yalnız FHN-in internet səhifəsindən və təsdiqlənmiş sosial şəbəkə hesablarından izləmək tövsiyə olunub.
Hücumun arxasında hansı şəxslərin və ya qrupların dayandığı barədə məlumat verilməyib.
Mənbə: Mail.ru
