Yay mövsümünün ən çox sevilən meyvələrindən olan qarpızı seçərkən təkcə dad deyil, qida dəyəri də nəzərə alınmalıdır. Mütəxəssislər bildirirlər ki, qırmızı və sarı qarpızlar oxşar xüsusiyyətlərə malik olsalar da, tərkiblərindəki faydalı maddələr baxımından fərqlənirlər.
Bugun.tv xəbər verir ki, bu barədə VFokuse (Mail.ru) məlumat yayıb.
Bioloq Maksim Petrovun sözlərinə görə, sarı qarpız genetik modifikasiya olunmuş məhsul deyil. O, 1980-ci illərdə Tayvanda adi qırmızı qarpızın və onun vəhşi Afrika əcdadının çarpazlaşdırılması nəticəsində əldə edilib. Sarı qarpız şirin dadını mədəni sortdan, qeyri-adi rəngini isə vəhşi növdən alıb.
Nutrisioloq Oksana Kuznetsova bildirib ki, hər iki növün 100 qramında təxminən 30 kilokalori var və tərkibinin 90 faizdən çoxunu su təşkil edir. Buna görə də həm qırmızı, həm də sarı qarpız orqanizmin maye ehtiyacını ödəməyə kömək etsə də, uzunmüddətli toxluq hissi yaratmır.
Mütəxəssisin sözlərinə görə, əsas fərq antioksidant tərkibindədir. Qırmızı qarpız ürək-damar sağlamlığını dəstəkləyən və hüceyrələri oksidləşdirici stresdən qoruyan likopen maddəsi ilə zəngindir. Sarı qarpız isə demək olar ki, likopen ehtiva etmir, əvəzində görmə qabiliyyəti, immun sistemi və dəri sağlamlığı üçün vacib olan beta-karotin baxımından daha zəngindir.
Həkimlər qeyd edirlər ki, hər iki növdə kalium və damarların fəaliyyətinə müsbət təsir göstərən sitrullin amin turşusu mövcuddur. Bununla belə, yalnız qarpız hesabına nəzərəçarpacaq müalicəvi təsir gözləmək düzgün deyil.
Mütəxəssislər vurğulayırlar ki, seçim əsasən insanın qidalanma məqsədindən və zövqündən asılıdır. Hər iki halda yetişmiş və keyfiyyətli qarpızın normada istehlakı sağlamlıq üçün faydalıdır.
Mənbə: VFokuse
