24 C
Baku
28 Sentyabr 2026, 13:26
tənhalıq, sosial təcrid, sağlamlıq, psixi sağlamlıq, xəstəliksiz ömür, insan sağlamlığı, tibbi araşdırma, Nature Communications
Dünya

Tənhalıq sağlam ömrü 6 ilə qədər azalda bilər

Bugun.tv xəbər verir ki, yeni araşdırma tənhalıq və sosial təcridin insanların xəstəliksiz yaşayacağı müddətə ciddi təsir göstərə biləcəyini ortaya qoyub.

“Nature Communications” jurnalında dərc olunan araşdırmaya görə, tənhalıq və sosial təcrid yaşayan insanlar bəzi hallarda fiziki və xüsusilə psixi xəstəliklərdən uzaq keçirəcəkləri bir neçə ili itirə bilərlər. Ən böyük fərqin psixi sağlamlıq sahəsində müşahidə edildiyi, bəzi iştirakçılarda bu göstəricinin təxminən 6 ilə çatdığı bildirilib.

ABŞ-ın Tulane Universitetinin alimlərinin apardığı müşahidə xarakterli tədqiqatda yaşı 40-69 arasında dəyişən 277 min 489 nəfərin məlumatları təhlil edilib. Tədqiqatın əvvəlində iştirakçıların diabet, ürək xəstəliyi, ağciyər xəstəlikləri, demensiya, xərçəng, depressiya və təşviş pozuntusu kimi xəstəlikləri olmayıb.

Araşdırmada 50 yaş əsas götürülərək insanların xəstəliksiz yaşamaq ehtimalı hesablanıb. Həm tənhalıq, həm də sosial təcrid yaşayan qadınların fiziki xəstəliklərdən uzaq ömür müddətinin bu problemləri olmayan qadınlarla müqayisədə 2,4 il daha az olduğu müəyyən edilib. Kişilərdə isə bu fərq 1,7 il təşkil edib.

Psixi sağlamlıq baxımından fərq daha böyük olub. Həm tənhalıq, həm də sosial təcrid yaşayan qadınların psixi pozuntular olmadan yaşayacağı müddətin təxminən 3,7 il, kişilərdə isə 5,8 il daha az olduğu müəyyənləşdirilib.

Tədqiqatın baş müəllifi, professor Lu Qi bildirib ki, sosial təcrid və tənhalıq xəstəliksiz yaşam müddətinə əhəmiyyətli təsir göstərə bilər. Onun sözlərinə görə, nəticələr həm fiziki, həm də psixi xəstəlikləri əhatə edir.

Araşdırmada həmçinin vurğulanıb ki, sağlam qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və siqaretdən uzaq durmaq sosial təcridlə əlaqəli bəzi sağlamlıq risklərini azalda bilər. Lakin bu amillərin tənhalığın yaratdığı əlavə riskləri eyni dərəcədə azaltmadığı qeyd olunub.

Mütəxəssislər bildirirlər ki, sosial təcrid və tənhalıq bir-biri ilə əlaqəli olsa da, eyni anlayış deyil. Sosial təcrid insanın sosial əlaqələrinin azlığı ilə, tənhalıq isə mövcud münasibətlərindən nə dərəcədə məmnun olması ilə bağlıdır.

Araşdırma müşahidə xarakterli olduğundan, alimlər tənhalığın və ya sosial təcridin konkret xəstəliklərə birbaşa səbəb olduğunu qəti şəkildə sübut etmədiklərini də bildiriblər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

İsveçdə hökumətin formalaşdırılması ilə bağlı siyasi böhran yarandı

Aynur Camal

Papa XIV Leo Fransadakı səfərinin son gününü Metz şəhərində keçirəcək

Aynur Camal

Saturnun peykində həyat ehtimalını gücləndirən yeni nəticə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu