Səhiyyə

Televiziya qarşısında uzun vaxt keçirmək beyin həcmini kiçildir

Uzun müddət televiziya izləməyin beyin sağlamlığına mənfi təsir göstərə biləcəyi müəyyən olunub. Alzheimer’s & Dementia jurnalında dərc edilən yeni araşdırma göstərib ki, orta yaş dövründə uzun saatlar televiziya qarşısında vaxt keçirən kişilərdə beyin həcmi zamanla azalır.

Tədqiqat çərçivəsində 1 700-dən çox yetkin şəxs təxminən 24 il ərzində izlənilib. Nəticələrə görə, tez-tez televiziya izləyən kişilərdə Alzheimer xəstəliyinə daha həssas olan beyin nahiyələrində kiçilmə və idrak funksiyalarının zəifləməsi ilə əlaqəli dəyişikliklər müşahidə olunub.

Araşdırma eyni zamanda göstərib ki, günün böyük hissəsini oturaraq keçirsə də, bu vaxt ərzində kitab oxuyan, tapmaca həll edən, elektron məktublara cavab yazan və ya digər zehni fəaliyyətlərlə məşğul olan insanların beyin quruluşu daha sağlam qalır.

Alimlər televiziya izləməyin passiv fəaliyyət olduğunu, zehni məşğuliyyət tələb edən işlərin isə beynin “idrak ehtiyatını” artıraraq yaşlanmanın mənfi təsirlərinə qarşı daha davamlı olmasına kömək etdiyini bildiriblər.

Tədqiqatda maraqlı məqamlardan biri də mənfi təsirin kişilərdə qadınlara nisbətən daha güclü müşahidə olunmasıdır. Mütəxəssislər bunu kişilərin televiziya qarşısında daha uzun və fasiləsiz vaxt keçirməsi ilə əlaqələndirirlər.

Alimlər vurğulayırlar ki, müntəzəm idman etmək faydalı olsa da, uzun müddət fasiləsiz televiziya izləməyin yaratdığı mənfi təsirləri tam aradan qaldırmır. Buna görə də ekran qarşısında uzun vaxt keçirən şəxslərə tez-tez fasilə vermək və gün ərzində daha çox zehni fəaliyyətlə məşğul olmaq tövsiyə edilir.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Siqaret çəkmək görmə qabiliyyətini zəiflədə bilər

Aynur Camal

Johnson & Johnson talk iddialarını həll etmək üçün 5,5 milyard dollar ödəyəcək

Aynur Camal

Dietoloq yay pikniki üçün ən faydalı qidaları açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu