Bugun.tv xəbər verir ki, UEFA ilə FİFA arasında yaranan gərginlik Dünya Kubokunun gələcəyi ilə bağlı ciddi suallar yaradıb. UEFA, FİFA prezidenti Canni İnfantinonun Dünya Kuboku da daxil olmaqla FİFA turnirlərini idarə edən şirkətin 20 faiz payının özəl investorlara satılması planına etiraz edərək, bu təşəbbüs geri götürülməyəcəyi təqdirdə FİFA yarışlarını boykot edəcəyini açıqlayıb.
UEFA-nın bəyanatında bildirilir ki, təşkilat və ona üzv milli federasiyalar təklif ləğv olunmayacağı halda FİFA-nın yarışlarında iştirak etməyəcək. Bu mövqeyi daha sonra Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) da dəstəkləyərək planı rədd etdiyini elan edib.
Məlumata görə, FİFA-nın təqdim etdiyi maliyyə sazişini qəbul etmək üçün son tarix 19 sentyabr müəyyən edilib. Boykot qərarı qüvvəyə minərsə, sentyabrın 5-də Polşada başlayacaq 20 yaşadək qadınlar arasında Dünya Kuboku və digər FİFA turnirləri birbaşa təsirlənə bilər.
Mütəxəssislərin fikrincə, Avropa komandalarının iştirak etməyəcəyi Dünya Kuboku həm idman, həm də maliyyə baxımından böyük zərbə alacaq. Analitiklər hesab edirlər ki, Avropa milli komandaları olmadan turnirin kommersiya dəyəri əhəmiyyətli dərəcədə azalacaq və FİFA-nın planlaşdırdığı milyardlarla dollarlıq gəlir hədəfinə çatmaq mümkün olmayacaq.
Bununla yanaşı, ekspertlər UEFA ilə FİFA arasında tam ayrılığın hər iki tərəf üçün ciddi nəticələr doğuracağını bildirirlər. Onların fikrincə, qarşıdakı həftələrdə aparılacaq danışıqlar zamanı FİFA-nın mübahisəli layihəni geri götürməsi və ya ona ciddi dəyişikliklər etməsi ən real ssenari hesab olunur.
Hazırda FİFA rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Mənbə: Trt.haber
