Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sənaye üsulu ilə hazırlanan qida məhsullarının sağlamlıq baxımından qiymətləndirilməsi üçün yeni yanaşma təklif edib. Təşkilat məhsulların tərkibindəki rəngləndirici, dadlandırıcı və şirinləşdirici maddələrin də nəzərə alınmasını istəyir.
Bugun.tv xəbər verir ki, bu barədə Reuters noyabrın 9-da məlumat yayıb.
Təklifə əsasən, qida məhsullarının qiymətləndirilməsi zamanı yalnız onların qida dəyəri deyil, tərkibindəki əlavə maddələr də nəzərə alınmalıdır. Bu yanaşma hökumətlərə istehlakı məhdudlaşdırılması tövsiyə olunan məhsulları müəyyənləşdirməyə kömək edə bilər.
ÜST-nin təklif etdiyi mümkün tədbirlər arasında qablaşdırmaların üzərində xəbərdarlıq yazılarının yerləşdirilməsi və bəzi məhsullara əlavə vergi tətbiqi də var. Bu addımlar istehlakçıların məhsulların tərkibi barədə daha ətraflı məlumatlandırılmasına və sağlam qidalanma seçimlərinin təşviqinə xidmət edə bilər.
Bununla belə, qida sənayesinin nümayəndələri təklifə ehtiyatla yanaşırlar. Onların fikrincə, yeni tələblər istehsalçılar üçün əlavə xərclər yarada və məhsulların istehsalına təsir göstərə bilər.
Qeyd edək ki, ÜST-nin təşəbbüsü ilə bağlı ictimai müzakirələr noyabrın 27-dək davam edəcək. Təklif hələ yekun qərar kimi qəbul edilməyib.
Mənbə: Reuters
