Baş xəbər

Vahid PR fakültəsi nə vaxt yaradılacaq?

İdarəetmə sahəsinin əsas elementlərindən sayılan PR təşkilatın ətrafı ilə uğurlu əlaqələrinin qurulması üçün çox mühüm texnologiyadır.

Əgər illər əvvəl yalnız xarici şirkətlərdə PR fəaliyyətinə rast gəlinirdisə, artıq yerli şirkətlərdə də bu sahəyə maraq artmaqdadır. Azərbaycanda İctimaiyyətlə Əlaqələrin qurulması və inkişaf etdirilməsi yeni bir sahə olduğundan bu yöndə müəyyən çatışmazlıqlara şahid oluruq. Bunun başlıca səbəbini isə universitetlərdə vahid PR fakültəsinin olmamasında görürük.

Ölkədə aparılan PR tədrisi, bu sahədə vahid bir fakültənin olmaması, bunun ölkədə PR üzrə peşəkar kadrların yetişməsinə yaratdığı əngəllər və digər məsələlər haqqında Azərbaycan Dillər Universitetinin Jurnalistika fakültəsinin müəllimi Günel Qəribovaya suallarımızı verdik. O, bu haqda olan suallarımızı ətraflı cavablandırdı.

PR sahəsi
ADU Jurnalistika fakültəsinin müəllimi

Müsahibəni təqdim edirik:

1) Azərbaycanda PR sahəsində universitet tərkibində və universitetdən kənar hansı təlim-tədris işləri aparılır?

– Universitetlərdə, xüsusilə də jurnalistika fakültəsinin tədris planında PR sahəsinə xüsusi yer ayrılır və ayrıca fənn kimi tədris olunur. İctimaiyyətlə Əlaqələr fənni çərçivəsində tələbələr bu sahənin təməl faktorları, o cümlədən perspektivləri ilə daha yaxından tanış olur, brendin imicinin formalaşdırılmasında PR kampaniyalarının rolunu, böhran vəziyyəti konsepsiyalarının qurulması prosesini öyrənirlər.

Universitetlərdə PR sahəsi üzrə tədris zamanı əsas məsələlərdən biri də təcrübə üçün qonaqların dəvət olunmasıdır. Bu zaman təhsil dövründə tələbələr üçün şərait yaranır ki, bu sahənin peşəkarları ilə tanış olsunlar. Bu təcrübə dərs prosesinə çox uğurlu təsir göstərir. Çünki tələbələr bu tanışlıqla həm yeni bir əlaqə yaradırlar, həm də bu sahədə öyrənmək istədikləri, onlara qaranlıq qalan məqamları təcrübəsi olan biri ilə müzakirə etmək şansı əldə edirlər.

Qeyd etdiyiniz kimi, universitetdən kənar da bu sahədə müxtəlif təlim proqramları fəaliyyət göstərir. Hazırda ölkəmizdə kifayət qədər peşəkar PR şirkətləri var ki, burada tələbələr üçün kurslar, müxtəlif təcrübə proqramları da hazırlanır. Bu da gənclərin nəzəri şəkildə öyrəndiklərini praktik formada tətbiq etməsinə şərait yaradır.

2) Hazırda ölkəmizdə PR işi ilə bağlı hansı akademik mənbələr mövcuddur? Bu akademik işlərin çatışan və çatışmayan tərəfləri hansılardır?

– Bu sahə ölkəmizdə yeni-yeni formalaşdığı üçün akademik mənbələrdə məhdudluq hiss olunur. Əlbəttə, ölkəmizdə kifayət qədər peşəkar PR-çılar var, lakin onlardan çox az qismi təcrübəsini nəzəriyyəyə köçürür. Bu da yəqin ki, bu sahənin dinamikasından, qrafikin sıxlığından irəli gəlir. Nəticə etibarilə akademik mənbələrimiz az olsa da, mövcuddur. Məsələn, elə peşəkar PR-çılardan Səmayə Məmmədovanın “Peşəkarlığın Rəsmi” kitabı var ki, olduqca məlumatlandırıcı, maarifləndirici kitabdır.

3) PR mütəxəssisi olmaq üçün jurnalistika təhsili nə qədər önəmli sayılır?

– Əlbəttə ki, təhsil hər zaman önəmlidir. Düzdür, xarici təcrübəyə nəzər salsaq, PR sahəsinin ayrıca bir ixtisas kimi tədris olunduğunu görə bilərik. Lakin sevindirici haldır ki, jurnalistika ixtisası daxilində də olsa, təhsil sistemimiz bu sahəyə yer ayırır. Əlbəttə ki, gələcəkdə ayrıca ixtisas olaraq tədris olunması müzakirələrinə və bu yolda müxtəlif addımların atılmasına başlanılıb artıq. O ki, qaldı jurnalistika təhsilinə, jurnalistlik olduqca zəngin və yaradıcı bir peşədir. Bu baxımdan dayanmadan yenilənən, innovativlik, kreativlik tələb edən PR sahəsi üçün də jurnalistika təhsilini avantaj kimi xarakterizə etmək olar.

Əlbəttə ki, PR-la bağlı vahid bir sistem, ayrıca bir fakültə yaradılsa, daha effektiv olar. Çünki, bu zaman tələbələr daha geniş şəkildə bu sahənin dərinliklərini və incəliklərini öyrənməyə yönələ bilərlər. Lakin, hazırki vəziyyəti nəzərə alsaq, ölkəmizdə bu fənn jurnalistika fakültəsinin nəzdində tədris olunur. Jurnalist keyfiyyətlərinin PR-çı kimi istifadə olunmasını yüksək qiymətləndirirəm. Bu sahələrdə ortaq nöqtələr çoxdur. İlk növbədə yaradıcılıq qabiliyyəti, daha sonra əlaqələrin düzgün qurulması. Digər bir məsələyə gəldikdə isə mediadan istifadə olunması PR işinin, brendin imicinin formalaşmasının inkişafına da, məhvinə də gətirib çıxara bilir. Bu baxımdan biz deyirik ki, media PR işində ciddi bir rol oynayır.

4) İctimaiyyətlə əlaqələr sahəsində vahid fakültənin olmaması hansı çətinlikləri yaradır?

– PR olduqca çoxşaxəli bir sahədir. Vahid fakültənin olmaması da tədris prosesini bir qədər məhdudlaşdırır. Müəllimlərin dərs proqramına salmaq istədiyi xeyli sayda mövzunun ya ixtisar olunması, ya da çox qısa vaxt ayrılması ilə nəticələnir ki, özüm də yaşamışam bu problemi. Belə hallarda gənclərin bu sahədə daha çox məlumatlanmasının qarşısı alınır.

Tələbələr bu sahə üzrə kifayət qədər bilik və bacarıq əldə edə bilmədikləri üçün çox vaxt bura yönəlməyə çəkinirlər. Və bu baxımdan da yetişə biləcək mütəxəssislərimiz kənarda qalır və həmçinin də PR işinin ölkəmizdəki inkişafı müəyyən qədər ləngiyir. Bu baxımdan biz bu sahə üzrə vahid bir ixtisasın yaradılması üzərində ciddi işlər aparmalıyıq. PR işinin uğurlu olması yaxşı mütəxəssislərdən asılıdır.

5) Ölkədə aparılan PR tədrisində hansı xarici təcrübələrdən istifadə olunur?

– Xaricdə bu sahə daha çox inkişaf etmiş sayılır. Misal gətirim ki, son illərdə bir vətəndaş tərəfindən yolda gedərkən “Tesla” şirkətinin maşının yandığı videosu çəkilir və sosial media hesabına yüklənir. Bu artıq ciddi bir böhranla nəticələnir. Bu böhranın aradan qaldırılması üçün kommunikasiya departamentinin müdiri 62 sözdən ibarət bir açıqlama yayımlayır. Bu hal kənardan baxanda çox doğru bir hal kimi görünə bilər. Lakin “Fox” jurnalı tərəfindən ciddi tənqid olunur. Burada qeyd olunur ki, İlon Mask kimi tanınmış bir şəxsin şirkəti, “Tesla” kimi bir kompaniyanın açıqlaması 62 sözdən ibarət ola bilməz və İlon Mask özü burada bir açıqlama verməli idi. İnsanlar şirkətin rəhbərinə inanıb o şirkətə üz tuturlar. Bu baxımdan tələb olunurdu ki, Mask özü açıqlama versin. Tənqidlərdən sonra o, özü bir sıra tədbirləri həyata keçirməyə başlayır. Bundan sonra “Los Angeles Times”, “New York Times”, “The Wall Street Journal” bu jurnallar İlon Maskın blog səhifəsində yayımladığı məlumatı götürüb öz səhifələrində yayımlayırlar. Bununla da böhran vəziyyəti artıq fürsətə çevrilir. Bu kimi məqamların araşdılmasında xarici şirkətlər bizə çox kömək olur.

6) İctimaiyyətlə Əlaqələr sahəsində elmi seminarların təşkili hansı qurumlar tərəfindən aparılmaqdadır?

– Elmi fəaliyyətlə məşğul olan şəxslərin bu tip seminarlarda iştirakı, həmçinin iri PR şirkətlərinin bu tip seminarlar təşkil etməsi, universitetlər tərəfindən təşkil olunması PR sahəsinə çox ciddi töhfələr verir. Mənim də PR-la bağlı çoxlu müxtəlif elmi seminarlarım olub. Sonuncu elmi seminarım elə “Böhran vəziyyətinin idarə edilməsində sosial medianın rolu” olub. Və həqiqətən də, seminarda iştirak edənlərin fikirləri, həmçinin təklifləri, müqayisələri, müzakirələri PR işi ilə bağlı daha çox məsələnin tədqiq olunmasına gətirib çıxarır. Mənim doktorant kimi dissertasiya işim də sırf PR-la bağlıdır. Və bu baxımdan da həqiqətən də elmi seminarların keçirilməsinin effektivliyini müşahidə edə bilirik. Elə ona görə də bu sahə üzrə vahid ixtisas yaradılsa idi, sırf PR fakültəsinin təşkil etdiyi elmi seminarlar, müsbət mənada daha da böyük nəticələr verə bilərdi.

Səbinə Xeyirbəyova

Bugün TV

Oxşar xəbərlər

Ayı vuran avtomobildə olan 6 nəfər yaralandı

Kəmalə Sultan

16,6 min şəxsə əlillik təyin edildi

Aynur Camal

Pensiyaların orta aylıq məbləği artdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu