Bugun.tv xəbər verir ki, somnoloqlar gecə yuxuya getmək üçün ən əlverişsiz vaxtın gecə yarısından sonra olduğunu bildiriblər.
Mail.ru Health-in məlumatına görə, somnoloqlar Aleks Dimitriu və Çelsi Rorşayb bu barədə Eating Well nəşrinə açıqlama veriblər. Onların fikrincə, mütəmadi olaraq gecə saat 00:00-dan sonra yuxuya getmək orqanizmin bioloji ritmlərini poza və yuxunun mühüm mərhələlərinə təsir göstərə bilər.
Çelsi Rorşayb bildirib ki, gec yatmağa davam edən insanlarda ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, piylənmə, demensiya və depressiya ilə bağlı risk arta bilər. O, bu vəziyyətin uzun müddət davam etməsinin xroniki yuxusuzluğun yaranmasına da səbəb ola biləcəyini qeyd edib.
Somnoloq Aleks Dimitriu isə gec yatmağın melatonin və kortizol hormonlarının fəaliyyətinə təsir göstərə bildiyini deyib. Onun sözlərinə görə, gecənin ilk yarısında dərin yuxu daha çox olur. Bu mərhələdə orqanizm bərpa olunur və yaddaş möhkəmlənir.
Mütəxəssislər buna görə yuxu rejiminin mümkün qədər sabit saxlanılmasını tövsiyə edirlər.
Mənbə: mail.ru
