Bugun.tv xəbər verir ki, ABŞ hərbi rəhbərliyinin açıqlamaları kosmosun, o cümlədən Ay ətrafındakı ərazinin gələcək hərbi rəqabətin yeni istiqamətinə çevrilə biləcəyi barədə müzakirələri artırıb.
ABŞ Prezidentinin baş hərbi müşaviri, general Den Keyn ABŞ ordusunun yalnız Yerətrafı orbitdə deyil, Ay ətrafında da mümkün döyüşlərə hazırlaşmalı olduğunu bildirib. O, ABŞ hərbçilərinin dənizin dibindən Ayətrafı kosmik məkana qədər müxtəlif mühitlərdə mübarizəyə hazır olması lazım gəldiyini deyib.
Bundan bir neçə gün əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Troy Meynkin ölkəsinin orbitdə kosmik məkanın idarə olunmasına imkan verən silah sistemlərinə malik olduğunu açıqladığı bildirilmişdi. ABŞ Kosmik Qüvvələri isə bu sistemlərin hərbi qüvvələri mümkün düşmən fəaliyyətindən qorumaq üçün istifadə oluna biləcəyini açıqlayıb.
“V Fokus”a danışan “Sovetski kosmos” təşkilatının rəhbəri Maksim Tsukanovun sözlərinə görə, “Ayətrafı məkan” anlayışı yalnız Ayın orbitini deyil, Yer ilə Ay arasındakı geniş kosmik ərazini də əhatə edir. Buraya Lagrange nöqtələri də daxildir.
Ekspert hesab edir ki, kosmosda müşahidə, rabitə və peyk sistemlərinə nəzarət uğrunda rəqabətin güclənməsi gələcəkdə ABŞ, Rusiya, Çin və digər kosmik dövlətlər arasında hərbi texnologiya yarışını sürətləndirə bilər.
Mənbə: mail.ru
