Dünya

Ağırlıq qaldırmaq ömrü həqiqətən uzada bilərmi? – Yeni araşdırmanın nəticələri açıqlanıb

Yeni araşdırmalar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq məşqləri etmək erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Onilliklər ərzində aparılan tədqiqatlardan əldə olunan məlumatlar sübut edir ki, uzun müddət ərzində müntəzəm müqavimət və ya ağırlıq məşqləri ilə məşğul olmaq ürək xəstəlikləri və insult nəticəsində ölüm ehtimalını ciddi şəkildə aşağı salır.

Araşdırmaya görə, bu məşqlər yalnız ürək-damar sağlamlığına deyil, həm də sinir sistemi ilə bağlı xəstəliklərdən ölüm riskinin azalmasına müsbət təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, nəticələr güc məşqlərinin sağlamlığın zəifləməsinin qarşısını almağa və ya bu prosesi ləngitməyə kömək etdiyini göstərən yeni sübutlar təqdim edir. Bu isə səhiyyə sisteminin üzərindəki yükün azalmasına da töhfə verə bilər.

Qaçış, velosiped sürmə və üzgüçülük kimi aerobik məşqlərin faydaları uzun illərdir məlumdur. Mütəxəssislərin sözlərinə görə, müntəzəm aerobik fəaliyyət stressi azaltmaqla yanaşı, ürək xəstəlikləri, insult və 2-ci tip diabet riskini də aşağı salır. Lakin güc məşqlərinin ölüm riskinin azalmasındakı rolu indiyədək bu qədər aydın şəkildə ortaya qoyulmamışdı.

Ölüm riskində nəzərəçarpacaq azalma

Tədqiqatçılar 30 ildən artıq müddətdə 147 min 374 kişi və qadının iştirak etdiyi üç müxtəlif araşdırmanın nəticələrini təhlil ediblər.

Məlum olub ki, həftədə 90 dəqiqədən 2 saata qədər ağırlıq məşqləri edən şəxslərdə hər hansı səbəbdən erkən ölüm riski 13 faiz daha aşağıdır.

Ürək tutması və ya insult kimi ürək-damar xəstəliklərindən ölüm riski 19 faiz azalarkən, demensiya kimi nevroloji xəstəliklərdən ölüm riski isə 27 faiz aşağı olub.

Araşdırma göstərib ki, ən aşağı risk həm aerobik, həm də güc məşqlərini birlikdə yerinə yetirən insanlarda müşahidə edilir.

Həftə ərzində daha çox aerobik məşq edən ən aktiv qrupda erkən ölüm riski 58 faizə qədər azalıb. Bununla yanaşı, həftədə 2 saatdan artıq güc məşqləri etməyin əlavə üstünlük yaratmadığı da müəyyən edilib.

Sümük və beyin sağlamlığına müsbət təsiRi

Şəxsi məşqçi Bev Wilson bildirib ki, ağırlıq məşqləri xüsusilə oynaq ağrıları, enerji azlığı, maddələr mübadiləsinin zəifləməsi və çəki artımı problemi yaşayan insanlara kömək edir.

Onun sözlərinə görə, güc məşqləri qan şəkərinin tənzimlənməsinə, oynaq ağrılarının azalmasına və sümüklərin möhkəmlənməsinə dəstək verir.

Wilson əlavə edib ki, ağırlıq məşqlərinin beyin sağlamlığına da müsbət təsiri var. Bu məşqlər insanların diqqətini artırır, yaddaşı gücləndirir və idrak funksiyalarının yaxşılaşmasına kömək edir.

Mütəxəssislər hesab edirlər ki, fiziki aktivlik daha sağlam, firavan və xoşbəxt cəmiyyətlərin formalaşmasının əsas amillərindən biridir. Xüsusilə güc əsaslı məşqlər sağlam qocalmanı dəstəkləmək, hərəkət qabiliyyətini və müstəqilliyi qorumaq baxımından mühüm rol oynayır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tədqiqat: Arıqlamaq beynin fəaliyyətini və bağırsaq bakteriyalarını dəyişir

Aynur Camal

Banan yeşikləri arasında yarım tondan çox kokain aşkarlandı

Aynur Camal

Ukraynada Alman vətəndaşın məcburi səfərbərliyi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu