Bugun.tv xəbər verir ki, yeni elmi araşdırma arıqladıqdan sonra çəkinin yenidən artmasının ürək-damar və maddələr mübadiləsi xəstəlikləri riskini əvvəl düşünüldüyü qədər artırmadığını göstərib.
The Lancet Diabetes & Endocrinology jurnalında dərc olunan və Kopenhagen Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya əsasən, əsas sağlamlıq riski çəkinin sonradan yenidən artması deyil, piylənmənin özü ilə bağlıdır.
Tədqiqatçılar arıqladıqdan sonra yenidən kökəlmə halları ilə bağlı müşahidə tədqiqatlarını, klinik sınaqları və heyvanlar üzərində aparılmış eksperimentləri təhlil ediblər.
Uzun illər hesab olunurdu ki, çəkinin tez-tez dəyişməsi əzələ kütləsinin azalmasına, maddələr mübadiləsinin zəifləməsinə, 2-ci tip diabet, infarkt və ürək çatışmazlığı riskinin artmasına səbəb olur. Lakin alimlər bu fikri təsdiqləyən kifayət qədər etibarlı sübutların olmadığını bildiriblər.
Araşdırma müəlliflərinin sözlərinə görə, əvvəlki tədqiqatların bir çoxunda yaş, yanaşı xəstəliklər və arıqlamanın məqsədli, yoxsa xəstəlik səbəbindən baş verməsi kimi mühüm amillər nəzərə alınmayıb. Bu faktorlar çıxarıldıqdan sonra çəki dəyişmələri ilə ürək-damar və metabolik xəstəliklər arasındakı əlaqənin əhəmiyyətli dərəcədə zəiflədiyi müəyyən olunub.
Bununla belə, alimlər qeyd edirlər ki, çəkinin yenidən artması arıqlama zamanı əldə olunan bəzi müsbət nəticələrin, o cümlədən qan şəkəri, arterial təzyiq və digər metabolik göstəricilərin yaxşılaşmasının bir hissəsinin itirilməsinə səbəb ola bilər. Ancaq mövcud məlumatlar sağlamlıq vəziyyətinin arıqlamadan əvvəlki dövrdən daha pis hala düşdüyünü göstərmir.
Mütəxəssislər hesab edirlər ki, yenidən kökəlmək qorxusu piylənmənin müalicəsinə mane olmamalıdır. Onların fikrincə, ən effektiv yanaşma tədricən arıqlamaq və əldə olunan nəticəni uzun müddət qoruyub saxlamaqdır.
Mənbə: mail.ru

