“Apple” şirkəti istifadəçilərin gündəlik rəqəmsal işlərini onların əvəzinə yerinə yetirə biləcək yeni süni intellekt agenti üzərində işləyir. Yeni texnologiyanın internetdə məlumat axtarmaq, müxtəlif tətbiqlər arasında işləmək, proqramlaşdırma və bir neçə mərhələdən ibarət tapşırıqları müstəqil icra etmək imkanlarına malik olması nəzərdə tutulur.
Bugun.tv xəbər verir ki, bu barədə “Bloomberg”in məlumatına istinadən “The Verge” və “TechCrunch” nəşrləri yazıb.
Məlumata görə, “Apple” yeni layihəyə rəhbərlik edəcək təcrübəli mühəndis axtarır. Şirkətin vakansiya elanında təsvir olunan sistem kompüterdən insan kimi istifadə edə, internet səhifələrinə daxil ola, tətbiqlərlə işləyə, əmrlər icra edə, kod yaza və proqram xətalarını düzəldə biləcək.
Siri üçün yeni mərhələ
Yeni agentin “Apple”ın Siri, istifadəçi interfeysi və süni intellekt modelləri üzrə komandaları ilə əlaqəli şəkildə hazırlanması planlaşdırılır. Şirkət təhlükəsizlik, məxfilik və etibarlılığın sistemin əsas xüsusiyyətləri olacağını vurğulayır.
Bu addım “Apple”ın süni intellekt bazarında “OpenAI”, “Google”, “Meta” və “Anthropic” kimi şirkətlərlə rəqabətini gücləndirə bilər. Bununla belə, layihənin nə vaxt istifadəçilərə təqdim ediləcəyi barədə hələlik rəsmi tarix açıqlanmayıb.
Mənbə: Bloomberg
