Sosial

Araşdırma: Uzun müddət televiziya izləmək beyin həcminin kiçilməsinə səbəb ola bilə

Bugun.tv xəbər verir ki, ABŞ alimlərinin apardığı uzunmüddətli araşdırma orta yaş dövründə uzun saatlar televiziya izləməyin illər sonra beynin bəzi hissələrinin həcminin azalması ilə əlaqəli ola biləcəyini göstərib. Tədqiqatın nəticələri Alzheimer’s & Dementia elmi jurnalında dərc olunub.

Araşdırma ABŞ-da həyata keçirilən ARIC (Atherosclerosis Risk in Communities) layihəsi çərçivəsində aparılıb. 1987–1989-cu illərdə başlayan tədqiqata təxminən 17 min nəfər cəlb olunub. İştirakçıların orta yaşı 53 olub və onların gündəlik televiziya izləmə vərdişləri qeydə alınıb. Təxminən 20 il sonra iştirakçıların beyinləri maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə müayinə edilib.

Nəticələr göstərib ki, boş vaxtlarında televiziya qarşısında daha çox vaxt keçirən şəxslərdə beynin düşünmə, qərarvermə və planlaşdırmaya cavabdeh olan alın paylarının, eləcə də görmə məlumatlarını emal edən ənsə paylarının həcmi daha kiçik olub. Bundan əlavə, beyin toxumasında yaşlanma və damar zədələnmələri ilə əlaqələndirilən dəyişikliklər də daha çox müşahidə edilib.

Tədqiqat müəllifləri bildiriblər ki, əsas risk təkcə oturaq həyat tərzi deyil, məhz passiv fəaliyyət növüdür. Onların fikrincə, kompüterdə işləmək, mətn yazmaq və ya məlumat təhlil etmək kimi zehni fəaliyyətlər beyni aktiv saxladığı halda, uzun müddət passiv şəkildə televiziya izləmək eyni təsiri göstərmir.

Alimlər vurğulayırlar ki, bu araşdırma televiziya izləməyin birbaşa beyin kiçilməsinə səbəb olduğunu sübut etmir, lakin uzunmüddətli passiv ekran istifadəsi ilə beyin sağlamlığı arasında mühüm əlaqənin ola biləcəyini göstərir. Onlar beyin sağlamlığını qorumaq üçün fiziki aktivliklə yanaşı, müntəzəm zehni fəaliyyətlərin də vacib olduğunu qeyd edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov Ərdəbildən paylaşım edib: Şah İsmayıl Xətainin irsi ortaq sərvətimizdir

Aynur Camal

Art-terapiya üzrə beynəlxalq təlim proqramı uğurla başa çatdı

Bugün TV

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu