Bugun.tv xəbər verir ki, son vaxtlar sağlam qidalanma məhsulları arasında populyarlaşan morinqa tozu faydalı qida maddələri ilə zəngin olsa da, onun “möcüzəvi superqida” kimi təqdim edilməsi elmi baxımdan tam əsaslandırılmayıb.
Mail.ru Health-in məlumatına görə, morinqa yağı ağacı (Moringa oleifera) əsasən Hindistan yarımadasından gəlir. Yaşıl toz isə adətən qurudulmuş və üyüdülmüş yarpaqlardan hazırlanır. Yarpaqlarda lif, bitki zülalı, minerallar, polifenollar və flavonoidlər var.
Morinqanın qan şəkərinə və iltihab proseslərinə təsir göstərə biləcəyi barədə araşdırmalar aparılıb. Lakin bu təsirlərin insan sağlamlığı baxımından nə dərəcədə əhəmiyyətli olduğu hələ tam müəyyən edilməyib.
2026-cı ildə dərc olunan sistematik icmal və meta-analizdə morinqa qəbulunun qan təzyiqini müəyyən qədər aşağı sala bildiyi, lakin bədən çəkisi və bədən kütlə indeksinə əhəmiyyətli təsir göstərmədiyi müəyyənləşdirilib. Tədqiqat müəllifləri nəticələri təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu bildiriblər.
Mütəxəssislər morinqanın tərəvəz, meyvə və balanslaşdırılmış qidalanmanı əvəz edə bilməyəcəyini vurğulayırlar. Həddindən artıq istifadə mədə-bağırsaq narahatlığı yarada bilər. Nadir hallarda qaraciyərlə bağlı mənfi təsir halları da təsvir olunub.
Xüsusilə şəkərsalıcı və ya təzyiq dərmanı qəbul edən şəxslərin morinqanı əlavə qida məhsulu kimi istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Mənbə: mail.ru
