Bugun.tv xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov sosial media hesabında Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın iqtisadi nəticələrinə dair paylaşım edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloninin mətbuata bəyanatlarında iki ölkə arasındakı strateji əməkdaşlığın dərinləşdirilməsi xüsusi vurğulanıb.
Vüqar Bayramovun sözlərinə görə, İtaliya hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24 faizi bu ölkənin payına düşüb. Eyni zamanda, Azərbaycanın ixrac etdiyi məhsulların 45,3 faizi İtaliyaya göndərilib.
Deputat qeyd edib ki, ötən il Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 4 faiz artaraq 11 milyard 390 milyon dollardan 11 milyard 860 milyon dollara yüksəlib. Bu dövrdə Azərbaycanın İtaliya ilə ticarətdə 10 milyard 824 milyon dollarlıq müsbət saldo əldə etdiyi vurğulanıb.
Paylaşımda o da bildirilib ki, Azərbaycan İtaliyanın Cənubi Qafqaz üzrə ən böyük ticarət tərəfdaşıdır. Belə ki, İtaliyanın region ölkələri ilə ticarət dövriyyəsinin 93 faizi Azərbaycanın payına düşür.
Vüqar Bayramov əlavə edib ki, son illərdə qarşılıqlı sərmayə qoyuluşlarında da artım müşahidə olunur. Azərbaycanın son bir neçə ildə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırdığı qeyd olunub.
Deputatın fikrincə, xüsusilə qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biridir və Giorgia Meloninin Azərbaycana səfəri iki ölkə arasındakı strateji münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək.
