Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Məsafədən kreditləşmədə yeni qaydalar kiberdələduzluğun qarşısını almağa xidmət edir

Mərkəzi Bankın məsafədən kreditləşmə ilə bağlı yeni qaydaları kiberdələduzluq risklərinin azaldılmasına yönəlib.

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında paylaşdığı açıqlamada bildirib.

Onun sözlərinə görə, bu ilin oktyabrından qüvvəyə minəcək dəyişikliklərə əsasən, vətəndaşlara məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı veriləcək. Belə ki, istənilən şəxs Azərbaycan Kredit Bürosu vasitəsilə müraciət edərək bütün kredit təşkilatlarında onun adına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcək. Müştərilər həmçinin yalnız xidmət aldıqları kredit təşkilatına da ayrıca məhdudiyyət tətbiq edə biləcəklər.

Deputat qeyd edib ki, yeni qaydalara əsasən, məsafədən verilən istehlak kreditləri üzrə “gözləmə müddəti” də tətbiq olunacaq. Kredit məbləği minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat, bu həddi aşdıqda isə 24 saat sonra müştərinin hesabına köçürüləcək.

Vüqar Bayramov hesab edir ki, bu dəyişikliklər müsbət addım olsa da, kiberdələduzluqla mübarizədə təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsi əsas prioritet olmalıdır. Onun sözlərinə görə, 2024–2025-ci illərdə haker hücumları və kiberdələduzluq nəticəsində ümumilikdə 22 milyon manat vəsait oğurlanıb, 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb.

İqtisadçı deputat əlavə edib ki, məsafədən kreditləşmədə vəsaitin hissə-hissə – tranşlarla verilməsi daha səmərəli ola bilər. Onun təklifinə görə, kredit məbləğinin 5 faizədək hissəsi ilkin olaraq ödənilməli, qalan məbləğ isə kredit götürən şəxs vəsaiti təsdiqlədikdən sonra bir gün ərzində köçürülməlidir.

Vüqar Bayramov vurğulayıb ki, kiberdələduzluğa qarşı mübarizədə maarifləndirmə də mühüm rol oynayır. Onun fikrincə, maliyyə savadlılığının artırılması yalnız Mərkəzi Bankın deyil, müstəqil qurumların da iştirakı ilə geniş şəkildə həyata keçirilməlidir.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda “Türk Dünyası Həftəsi”nə start verildi

Aynur Camal

Vespa skuterinin 80 illiyi qeyd olundu

Aynur Camal

Məhəmməd Əsədullazadə: İsrail qondarma erməni soyqırımını tanıyarsa, Azərbaycan səfirini geri çağırmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu