Bugun.tv xəbər verir ki, Yaponiya Mərkəzi Bankı (BOJ) əsas faiz dərəcəsini 0,75 faizdən 1 faizə yüksəldib. Bununla da ölkədə faiz dərəcəsi son 31 ilin ən yüksək səviyyəsinə çatıb.
Məlumata görə, qərar BOJ-un iki günlük pul siyasəti iclasının yekununda qəbul edilib. Yeni faiz göstəricisi 1995-ci ildən bəri qeydə alınan ən yüksək səviyyə hesab olunur.
Yaponiya Mərkəzi Bankı bu addımı Yaxın Şərqdəki gərginlik fonunda artan neft qiymətləri, zəif yen kursu və yüksələn inflyasiya riskləri ilə izah edib. Qurum son üç iclasda faiz dərəcəsini dəyişməz saxlamışdı.
Qeyd edək ki, Mərkəzi Bankın sədri Kazuo Ueda qaraciyər kistası infeksiyası səbəbindən xəstəxanada müalicə aldığı üçün iclasda iştirak etməyib. Qərar idarə heyətinin digər üzvləri tərəfindən qəbul olunub.
İqtisadçılar hesab edirlər ki, faiz artımı inflyasiyanın nəzarətdə saxlanılması və milli valyutanın sabitliyinin qorunması məqsədi daşıyır. Bununla yanaşı, qərarın kredit bazarına və iqtisadi artıma təsiri də diqqətlə izlənəcək.
Mənbə: İLKHA
