Braziliyanın San-Paulu Federal Universitetinin alimləri qida sənayesində geniş istifadə olunan ksantan saqqızının (xanthan gum) uzunmüddətli istifadəsinin yoğun bağırsaqda iltihab yarada, bağırsaq baryerinin fəaliyyətini poza və bağırsaq mikroflorasının tərkibini dəyişə biləcəyini müəyyən ediblər.
Araşdırmanın nəticələri PLOS One elmi jurnalında dərc olunub.
Alimlər bildiriblər ki, ksantan saqqızı qida sənayesində qatılaşdırıcı və stabilizator kimi geniş tətbiq olunur. Bu maddə dondurma, yoqurt, souslar, çörək və digər bişmiş məhsullar, qlütensiz qidalar, zülal kokteylləri və udma çətinliyi olan insanlar üçün nəzərdə tutulmuş xüsusi içkilərin tərkibinə əlavə edilir.
Tədqiqat çərçivəsində laboratoriya siçovullarına 10 həftə ərzində hər gün ksantan saqqızı verilib. Nəticələr göstərib ki, heyvanlarda bağırsaq iltihabı yaranıb, bağırsaq divarının keçiriciliyi artıb və bağırsaq mikrobiotasının tarazlığı pozulub.
Araşdırmaya görə, bu qida əlavəsi bağırsaq divarının keçiriciliyini tənzimləyən klaudin-2 zülalının sintezini artırıb. Bununla yanaşı, IL-1β və TNF-α kimi iltihab göstəricilərinin səviyyəsi yüksəlib, yoğun bağırsaq toxumalarında immun hüceyrələrinin sayı artıb və iltihabla əlaqəli bakteriyaların çoxaldığı müşahidə olunub.
Tədqiqat müəllifləri vurğulayıblar ki, əldə olunan nəticələr ksantan saqqızından tamamilə imtina edilməsinin zəruri olduğu anlamına gəlmir. Onların sözlərinə görə, bu əlavənin az miqdarda və ara-sıra qəbulunun insanlar üçün təhlükəli olduğunu təsdiqləyən elmi sübut yoxdur. Lakin hər gün və uzun müddət istifadə edildikdə yığılan təsirlərin yarana biləcəyi ehtimal olunur və bunu dəqiqləşdirmək üçün insanlar üzərində klinik araşdırmalara ehtiyac var.
Alimlər əlavə ediblər ki, araşdırma ABŞ-da vaxtından əvvəl doğulmuş körpələrdə müşahidə edilən nekrotik enterokolit hallarını da izah etməyə kömək edə bilər. Bu hadisələrdən sonra ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) ksantan saqqızının vaxtından əvvəl doğulan körpələrin qidalarında istifadəsini qadağan edib və azyaşlı uşaqlar üçün də bu əlavədən istifadə olunmamasını tövsiyə edir.
Mənbə: mail.ru

