Bugun.tv xəbər verir ki, yeməkdən sonra yaranan yuxululuq hissi orqanizmdə baş verən təbii hormonal dəyişikliklərlə əlaqədardır.
Qastroenteroloqların sözlərinə görə, yemək qəbul edildikdən sonra qanda insulin səviyyəsi artır. İnsulin qlükozanın hüceyrələrə daşınmasına kömək etməklə yanaşı, beyində yuxu və istirahət hissinə təsir göstərən prosesləri də aktivləşdirə bilir.
Mütəxəssislər bildirirlər ki, aclıq hormonu kimi tanınan qrelinin səviyyəsi yeməkdən sonra azalır, toxluq hissini təmin edən leptinin miqdarı isə artır. Bu dəyişikliklər orqanizmə enerji toplamaq və həzm prosesinə diqqət yetirmək siqnalı verir ki, nəticədə insan özünü daha sakit və yuxulu hiss edə bilər.
Xüsusilə çox yağlı, yüksək kalorili və karbohidratlarla zəngin qidalar qəbul edildikdən sonra yuxululuq hissi daha güclü müşahidə olunur. Həkimlər qeyd edirlər ki, gecə yuxusunun az olması, həddindən artıq yemək və oturaq həyat tərzi də bu vəziyyəti ağırlaşdıra bilər.
Mütəxəssislər yeməkdən sonra yuxululuğun qarşısını almaq üçün porsiyaların kiçildilməsini, qidalanmanın balanslaşdırılmasını və qısa gəzintilər edilməsini tövsiyə edirlər. Əgər bu hal hər yeməkdən sonra baş verir və gündəlik fəaliyyətə mane olursa, həkimə müraciət etmək məsləhətdir.
Mənbə: mail.ru
