Bugun.tv xəbər verir ki, bəzi bitki çayları rahatlamağa və yuxuya getməyi asanlaşdırmağa kömək edə bilər. Həkim-qastroenteroloq Yevgeni Belousovun sözlərinə görə, bunun üçün ən çox valerian, melissa və lavanda əsasında hazırlanan çaylar tövsiyə olunur.
Health Mail.ru-nun məlumatına görə, bitki çaylarının təsiri birbaşa yuxugətirici dərmanlar kimi ani olmur. Onlar əsasən sinir sistemini sakitləşdirir, narahatlığı və gərginliyi azaltmağa, insanın rahatlamasına kömək edir. Belousov xüsusilə valerianın yuxuya getmək üçün tələb olunan vaxtı azaltmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə biləcəyini bildirib.
Həkim melissanın da stressin azalmasına kömək edə biləcəyini qeyd edib. Onun sözlərinə görə, melissa çayı 3–4 yarpağın bir stəkan ilıq suda təxminən 15 dəqiqə dəmlənməsi ilə hazırlana bilər. Çayın yatmazdan təxminən bir saat əvvəl yavaş qurtumlarla içilməsi tövsiyə olunur.
Lavandanın tərkibindəki efir yağlarının sakitləşdirici təsir göstərə və emosional gərginliyi azaltmağa kömək edə biləcəyi bildirilib.
Mütəxəssis daha tez yuxuya getmək üçün çobanyastığı, nanə, passiflora, mayaotu, kəkotu və bəzi digər bitkilərdən hazırlanan çayların da istifadə edildiyini bildirib.
Həkim bitki çaylarının təsirinin fərdi olduğunu və yuxu probleminin davamlı olması halında səbəbin araşdırılması üçün həkimə müraciət edilməsinin vacib olduğunu vurğulayıb.
Mənbə: Health Mail.ru
