Kardioloqlar ürək-damar sisteminin sağlamlığını qorumaq üçün arterial qan təzyiqinin normal həddə saxlanmasının vacibliyini bir daha vurğulayıblar. Mütəxəssislərin son tövsiyələrinə görə, sağlam insanlarda qan təzyiqinin təxminən 120/80 mm civə sütunu və ya bundan aşağı olması ürək üçün optimal göstərici hesab edilir.
Həkimlərin bildirdiyinə görə, qan təzyiqinin 140/90 mm civə sütunu və ya daha yüksək olması artıq arterial hipertoniyanın əlaməti sayılır və mütləq həkim nəzarəti tələb edir. Xüsusilə yay aylarında müşahidə olunan yüksək temperatur ürəyə əlavə yük yaradır və bəzi insanlarda ürək ritm pozğunluqları, o cümlədən ekstrasistoliyanın yaranmasına səbəb ola bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, döş qəfəsində qəfil ağrı, nəfəs darlığı, ürəkdöyünmənin güclənməsi və ya ağrının sol qola yayılması kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən təcili tibbi yardım çağırılmalıdır.
Kardioloqlar sağlam qidalanmanın da ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər. Onların sözlərinə görə, üzərində “0% yağlı” qeyd olunan bəzi məhsulların tərkibində dadı kompensasiya etmək məqsədilə əlavə şəkər və duz ola bilər. Buna görə də qida seçərkən yalnız reklam yazılarına deyil, məhsulun tərkibinə də diqqət yetirmək tövsiyə olunur.
Mənbə: mail.ru

