2018-2021-ci illərdə Afrikada brakonyerlər tərəfindən öldürülən kərgədanların sayı 2707 olub.
Bu xəbəri Ümumdünya Vəhşi Təbiət Fondunun rəhbərlərindən biri Marqaret Kinned bildirib.
Onun sözlərinə görə, Afrikada brakonyerlik səviyyəsi son illər ərzində aşağı düşüb:
“Təhlükə hər zaman qalır. Belə ki, 2015-ci ildə brakonyerlik fəaliyyətinin pik nöqtəsində Afrikada kərgədanların ümumi sayının 5,3%-i öldürülüb. 2021-ci ildə bu rəqəm 2,3% olub. Bu ilin əvvəlində Afrikada 2017-ci ildəki 23 562 kərgədandan 22 137 kərgədan qalıb”.
Qurum rəsmisi əlavə edib ki, bununla belə, nadir qara kərgədanların sayı son dörd ildə 3% artaraq 6200 fərdə çatıb.
Dünyada vəhşi təbiətdə yaşayan kərgədanların əksəriyyəti Cənubi Afrikaya aiddir. Hökumətin məlumatlarına görə, bu günə qədər Afrikadakı bütün ağ kərgədanların 93%-i, eləcə də nəsli kəsilməkdə olan növ hesab edilən qara kərgədanların 40%-i ölkədə yaşayır.