Siyasət

Millət vəkili A.Nağıyev: “Laçın dəhlizi və ətraf məntəqələr Azərbaycanın nəzarətinə keçəcək”

“44 günlük Vətən müharibəsindən sonra imzalanan 10 noyabr sazişinə uyğun olaraq bu gün ən ciddi məsələ sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bu məsələ həll olunduqdan sonra isə düşünürəm ki, sülh sazişinə getmək lazımdır və bu belə də olacaq”.

Bu barədə Bugün.tv-yə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Arzu Nağıyev danışıb.

Qarabağda proseslərin hansı yöndə irəliləməsindən danışan millət vəkili son vaxtlar ermənilərin tez-tez təkrarladığı status və paralel olaraq Zəngəzur dəhlizi məsələsinə də, aydınlıq gətirib. Onun sözlərinə görə dəhlizin açılması üçün artıq müəyyən addımlar atılıb. “Azərbaycan hər bir məsələyə dair alternativ variant ortaya qoyur. Əsas məqamlardan biri isə alternativ yolun tikintisidir ki, artıq bu işlər başa çatmaq üzrədir. Bundan sonra Rusiya sülhməramlı kontingenti yerləşdiyi ərazidən çıxacaq, Laçın dəhlizi və ətraf məntəqələr Azərbaycanın nəzarətinə keçəcək”.


Millət vəkili hesab edir ki, Ermənistan tərəfi qaydalara əməl etsə hər şey yolunda gedəcək. Əks təqdirdə isə: “Zabux kəndində yaşayan ermənilər vaxtilə Suriyadan köçürülmüş ermənilərdir. Onlar tez-tez silaha sarılmaq və digər bu kimi cəfəng məlumatlar yayırlar. Onlar başa düşməlidir ki, bunun sonu antiterror əməliyyatı ilə nəticələnə bilər.
Qarabağ ərazisində yaşayan ermənilər özlərini hüquqi cəhətdən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun vətəndaş kimi aparsalar onlar bizim vətəndaşdırlar, əks halda isə, müvafiq qərarlar qəbul olunacaq”.
Arzu Nağıyev Ermənistanda səngimək bilməyən daxili çəkişmələrə də toxunub:
“Digər bir məsələ isə Ermənistanın daxili problemləridir. Həm revanşist qüvvələr, həm də keçmiş Qarabağ klanının üzvləri bilirlər ki, sülh sazişindən sonra onları beynəlxalq tribunallar, beynəlxalq məhkəmələr və həbslər gözləyir. Buna görə də Paşinyan hakimiyyəti bəzi vaxtlar idarə olunan mitinqlərə gedir ki, həm özlərini sığortalasınlar, həm də öz vətəndaşlarına göstərsinlər ki, biz əlimizdən gələni edirik. Əgər erməni xalqı müharibə istəsəydi, seçkilərdə N.Paşinyana səs verməzdi. Baxmayaraq ki, məğlub bir dövlətin başçısını seçirdilər, sülhə səs verdilər”.


Millət vəkilinin sözlərinə görə Ermənistan özü marağında olmalıdır ki, 3+3 formatından kənarda qalmasınlar. Çünki dağılmış ordu, dağılmış iqtisadiyyat, daxili çəkişmələr Ermənistanı geridə qoyur.
“Son zamanlar bu məsələlərin həlli istiqamətində Rusiyanın münasibəti də müsbətdir. Rusiya da, Qərb ölkələri də regionda nüfuz sahibi olmaq üçün çalışacaqlar ki, 2 dövlət arasında sülh bərqərar olsun. Azərbaycanın səsi haqq səsidir. Post müharibə dövründə biz dinc quruculuq işləri ilə məşğul oluruq. Yaxın zamanda Qoşulmama hərakatının Bakıda keçən formu da bunun göstəricisidir” deyə millət vəkili Arzu Nağıyev sonda bildirib.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq”-DEPUTAT YAZIR

Nigar Məmmədova

Vüqar Bayramov: Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

Bugün TV

Baş diplomat NATO-ya çağırış etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu