Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha 2 oyunu keçiriləcək.
Məlumata görə, günün ilk matçı Qəbələdə olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan “Kəpəz” “Qəbələ”ni məhz rəqibin meydanında qəbul edəcək. Hazırda “qırmızı-qaralar” 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Xalı olmayan “sarı-göylər” isə 9-cudur.
İki komanda indiyədək ölkə çempionatında 20 dəfə qarşılaşıb. Bunların 6-da “Kəpəz”, 9-da “Qəbələ” qalib gəlib. 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu komandanın xeyrinədir – 25:17.
Qəbələnin eyniadlı təmsilçisi son 3 oyunda qələbə qazanıb. Gəncə klubu isə son 2 matçda qol vurmayıb.
Digər matçda isə 3 xalla 5-ci sırada olan “Zirə” xalsız autsayder “Sumqayıt”ı sınağa çəkəcək. Bu, tərəflərin ölkə çempionatında 28-ci dueli olacaq. Əvvəlki görüşlərin 14-ü “qartallar”ın, 6-sı “gənclik şəhəri” təmsilçisinin xeyrinə başa çatıb. 7 qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahiblərinin 35 qoluna qonaqlar 21 topla cavab veriblər.
“Zirə” son 4 oyunda qələbə qazanıb. “Sumqayıt” son 6 matçda qol vurmayıb.
Azərbaycan Premyer Liqası
III tur
21 avqust (bazar)
18:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Qəbələ şəhər stadionu.
20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Dalğa Arena”.
Qeyd edək ki, turun əvvəlki 2 oyununda “Şamaxı” evdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib, “Neftçi” isə səfərdə “Sabah”a uduzub – 1:2. III turun “Turan Tovuz” – “Qarabağ” matçı isə “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.