Yeriməyin, yoxsa qaçmağın daha faydalı olması ilə bağlı uzun illərdir davam edən mübahisələrə mütəxəssislər aydınlıq gətiriblər. Araşdırmalara görə, hər iki fiziki fəaliyyət növü sağlamlıq üçün faydalıdır, lakin məqsəddən asılı olaraq üstünlükləri fərqlənir.
Bugun.tv xəbər verir ki, ekspertlərin fikrincə, sürətli yerimək ürək-damar sistemini gücləndirir, qan təzyiqini tənzimləməyə kömək edir və oturaq həyat tərzinin mənfi təsirlərini azaldır. Qaçış isə daha qısa müddətdə daha çox kalori yandırmağa və dözümlülüyü artırmağa imkan verir.
Mütəxəssislər bildirirlər ki, artıq çəkisi olan, oynaq problemlərindən əziyyət çəkən və ya uzun fasilədən sonra idmana qayıdan şəxslər üçün yerimək daha təhlükəsiz seçim hesab olunur. Bununla yanaşı, düzgün məşq proqramı və uyğun idman ayaqqabısı ilə qaçışın da oynaqlara ciddi zərər vermədiyi vurğulanır.
Arıqlamaq baxımından qaçış daha sürətli nəticə versə də, yerimək gündəlik həyata daha asan inteqrasiya olunduğu üçün uzunmüddətli perspektivdə daha davamlı nəticələr təmin edə bilər.
Ekspertlər xüsusilə 40 yaşdan sonra fiziki aktivliyə tədricən başlamağı tövsiyə edir. Onların sözlərinə görə, ən ideal variant gündəlik sürətli yeriməyi əsas fəaliyyətə çevirmək, həftədə bir neçə dəfə isə yüngül qaçış və güc məşqləri ilə proqramı zənginləşdirməkdir.
Mənbə: Life.ru
