Mədəniyyət

Balıqların məktubu…

Əvvəla salam! Salamdan sonra zəhmət çəkib biz tərəfin əhvalını xəbər almaq istəsəniz, siz dənizə qədəm qoyan gündən salamat deyilik, başımıza min bir oyun açırsınız. Biz də ağzımıza mazutlu su alıb, özümüzçün üzürük. Siz ömrünüzdə bir dəfə də olsun ağzınıza mazutlu su alsanız, onda bilərdiniz ki, biz balıqlar nə çəkirik. Şəffaf dəniz suyuna həsrətik. Bir çoxlarımız balıqçının toruna düşəcəyimiz günü səbirsizliklə gözləyirik. İş orasıdır ki, o, bədbəxt balıqçı da bizi torunda görüb sevinməyəcək, mazutlu balıq heç kimə lazım deyil. Nə isə, qara mazut, yox, yox, sizin təbinizcə desək, qara qızıl biz balıqları qara günə qoydu. Təkcə biz balıqlarımı? Siz, ey qara qızılı qara kürüdən üstün tutan Adəm övladları, indi iş o yerə çatıb ki, Xəzər nəinki biz balıqlar üçün, elə sizin üçün də yararsızdır. Dənizin dibindən qara qızıl çıxarıb, ağ günə çıxsaydınız, bəlkə də biz balıqlar bu məktubu sizə yazmazdıq. Amma bir işiniz yaxşıdır ki, mazutlu Xəzərə poemalar, şeirlər yazır, mahnılar bəstələyir, səhərdən axşama kimi oxuyursunuz. “Nə yaxşı ki, Bakının Xəzəri varmış”. Düzdür, nə yaxşı ki, Bakının Xəzəri varmış, yoxsa çirkab suları hara axıdardınız? Qəribə məxluqsunuz, çirkab suları Xəzərə axıdıb, bəh-bəh deyərək çimib, sonra da min bir xəstəliyə tutulursunuz. Təkcə sizmi? Xeyr, biz balıqlar da… Balıqlar da canlıdır, onlar da xəstələnirlər. Sizdən fərqli olaraq, biz xəstəxanalarda müalicə olunmuruq, xəstə balıqları dəniz saxlamır, sahilə atır. Bu məktubu sizə yazmaqda məqsədimiz odur ki, elə bilməyin balıqlar ağızlarına mazutlu su alıb, özləri üçün üzəcəklər, siz də bildiyinizi edəcəksiniz. Xeyr, bilin və agah olun! Belə getsə, bir gün gözünüzü açıb görəcəksiniz ki, Xəzərdə bir dənə də olsun balıq qalmayıb. Hamı vizasız köçüb başqa dənizlərə, bax onda balıqlardan inciməyin. Nə qədər gec deyil, papağınızı qarşınıza qoyub, yaxşı-yaxşı fikirləşin, sonra gec olar.

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Teatr Forumunun vaxtı dəyişdirildi

Aynur Camal

CinemaPlus”da Xocalı faciəsinə həsr olunmuş filmin pulsuz nümayişi keçiriləcək

Şükufə Ramizqızı

Ş. Albalıyev: “Novruz adət-ənənələrini yaşatmaq lazımdır”

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu