14 C
Baku
29 Mart 2024, 17:27
Sosial

Əlilliyi olan şəxslər tamaşada baş rolda oynayıblar – FOTO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif” tamaşasının premyerası olub.

Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Tamaşadan əvvəl tədbir iştirakçıları mərkəzdə yaradılan şəraitlə, təlim və yaradıcılıq bölmələri ilə tanış olublar.

Satirik janra aid olan əsərdə kübar görünməyə çalışan meşşan cəmiyyətinin problemləri əks olunur.  Əsərdə hadisələr 3 əsas qəhrəman ətrafında cərəyan edir. Yaradıcı heyətin tamaşaçılara ötürmək istədiyi ideya sadədir: ünsiyyətdə səmimiyyət və qarşısındakını anlamaq istəyi olmayanda “eqo” önə keçir, beləliklə, insanlar arasında olan incə rabitə və dostluq əlaqələri qırılır.

Tamaşanın quruluşçu rejissoru Mərkəzin səhnə ifaçılığı üzrə təlimçisi, tanınmış rejissor Əbdülqəni Əliyev, bəstəkarı musiqi sahəsi üzrə təlimçi, əməkdar artist Vüqar Camalzadə, baş xoreoqrafı rəqs üzrə təlimçi xalq artisti Rüfət Xəlilzadə, bal rəqsləri üzrə xoreoqrafı isə təlimçi Fərid Mehdiyevdir.

İnklüziv tamaşada Mərkəzdə təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslər, həmçinin peşəkar aktyorlar və rəqqaslar çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru öz müəllif baxışını səhnə əsərinə köçürüb. Onun tamaşaya əlavə etdiyi kadril, kazak, didişmə, vals və toy rəqs nömrələri əsərə maraqlı rəngarənglik qatıb.

Tamaşa üçün xüsusi musiqi bəstələnərək, Mərkəzin benefisiarlarının ifasında səsləndirilib. Müxtəlif və zəngin çalarlı səhnə libaslarını mərkəzin dərzilik kursunun benefisiarları ərsəyə gətirib. 55 dəqiqə davam edən səhnə əsəri üçün xüsusi dekorasiyalar da hazırlanıb.

Səhnə əsərinin baş rollarından yeddisini əlilliyi olan şəxslər ifa ediblər. Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını çatdırmaqdır.

Yaradıcı heyət 2018-ci ildən inklüziv “Əsa”, “Küllücə” və “Oyun” teatrları ilə  əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ötən dövrdə “Göy quş”, “Nəsimi”, “And” və “Solğun çiçəklər” tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim edilib və böyük maraqla qarşılanıb.

Teymur Əziz

Oxşar xəbərlər

Britaniyalılar Şuşada unudulmaz anlar yaşadı – FOTO

Aynur Camal

İranın regional maraqlarına ictimai münasibət – Rəy sorğusu

Nigar Məmmədova

Gənclərin karyerada özünüifadə bacarıqları inkişaf etdirilir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu