19 C
Baku
Sentyabr 28, 2022
Baş xəbərİqtisadiyyat

Deputat ölkədəki bahalaşmadan danışdı: “Bəzi sahibkarlar vəziyyətdən istifadə edirlər” – FOTO

Son bir neçə ay ərzində ölkədə istehsal, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində kəskin bahalaşma müşahidə olunur. Bu özünü həm yerli istehsal, həm də idxal məhsullarında göstərir.

Bunun bariz nümunəsi də yerli süd və süd məhsullarında müşahidə edilən qiymət artımıdır. Sənaye üsulu ilə hazırlanan ağartı məhsulları üzərində müşahidə olunan qiymət artımı insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bunu firma və istehsalçı şirkətlərlə əlaqəli olduğunu deyiblər. Bununla yanaşı, ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələrin xaricdən baha alınması səbəbindən qiymətlərin dəyişdiyini söyləyiblər.

Bəs görəsən, bahalaşma nə vaxta qədər davam edəcək? Əhalinin gəliri az, xərci isə çoxdur. Bunu necə tənzimləmək olar?

Bugün.tv oxu.az-a istinadən xəbər verir ki, açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədovun sözlərinə görə, idxal xaricdən olduğu üçün qiymətlər artır:

Bahalaşma çox ciddi bir məsələdir. Bahalaşma ilə əlaqədar müəyyən xəbərdarlıqlar da olunur. Dünyada çox ciddi ərzaq problemi, qıtlığı var. Bununla yanaşı dünyada gedən siyasi proseslər, xüsusilə Ukrayna və Rusiya müharibəsi müəyyən qiymət artımına səbəb olur.

Azərbaycan kifayət qədər xaricdən məhsul idxal edir. Buna görə də həm qiymət artımı, həm də inflyasiya müşahidə olunur. Xaricdən gətirildiyi üçün məhsulların qiyməti artır”.

Deputat sahibkarların məhsullar üzərinə əlavə qiymət qoyduğunu söyləyib:

“Bəzi sahibkarlar vəziyyətdən istifadə edirlər. İdxal kifayət qədər çoxdur. Gələn məhsulların üzərinə özləri də əlavə qiymət qoyurlar. Elə etmək lazımdır ki, süni qiymət artımı olmasın. İqtisadiyyat naziri qarşıda qiymət artımlarının gözlənilən olduğunu deyib.

Ərzaq çatışmazlığına inanmıram. Çünki Azərbaycanın kifayət qədər vəsaiti var. İstənilən yerdən ərzaq alıb gətirmək imkanına malikdir. İdxal olunan məhsullara 18 faiz əlavə dəyər vergisi qoyulub. 10 ilə yaxındır təklif edirəm ki, gəlin əlavə dəyər vergisini asanlaşdıraq. Elə məhsullar var ki, onlara 18 faiz yox, 1-2 faiz əlavə dəyər vergisi qoymaq olar. Elələri də var ki, 25-30 faiz qoymaq lazımdır. Bununla qiymət artımının qarşısını müəyyən qədər ala bilərik. Gömrük rüsumlarını artırıb-azaltmaqla qarşısını almaq olar”.

V.Əhmədov qeyd edib ki, süni qiymət artımlarına son qoyulmalıdır:

“Aztəminatlı ailələr, ictimai iaşə ilə məşğul olanlar var. Onları nəzərə almaq lazımdır. Pensiyaçılar var. Sosial sahədə ciddi problemin yaşanmaması üçün qarşısı alınmalıdır. Sosial sahələrə diqqət edilməlidir. Maaşı aşağı olanları nəzərə almaq lazımdır. İnflyasiya 7-8 faiz idi. İndi 18-20 faizdir”.

İqtisadçı-ekspert Emin Qəribli isə əlavə edib ki, inflyasiya xarici amillər səbəbindəndir:

“Kapitalist cəmiyyətə məxsus səciyyəvi xüsusiyyətdir. Ötən əsri biz təhlil etsək, görərik ki, bu, mütəmadi şəkildə olub. Ötən əsrdə həmkarlar ittifaqları mövcud idi ki, onlar danışıqlar aparıb, hər 2-3 ildən bir qiymətlərin indeksasiyasını keçirirdilər. Maaşlar da ona uyğun şəkildə aparılırdı. İndiki inflyasiyaya gəldikdə isə bu, xarici amillərdən asılıdır. Ona görə də idxal və ya qlobal inflyasiya da deyilir”.

Ekspertin sözlərinə görə, heyvandarlıq inkişaf etsə, qiymət artımı azalacaq:

“Süd və süd məhsulları heyvandarlıq məhsullarıdır. Özümüzü təmin etmək üçün səylər göstəririk.

Heyvandarlıq inkişaf etdikcə asılılıq azalacaq. Qlobal iqtisadiyyatda yaşayırıqsa, inteqrasiya olunması qaçılmazdır. Qiymət artımı da baş verəcək. Növbəti ildə maaş artımı həyata keçirməklə həll etmək olar. Çıxış yolu maaş və dövlət ödənişlərinin artırılmasıdır”.

 

Oxşar xəbərlər

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan avtobusun qəzaya uğramasından sonra DİN hərəkətə keçdi – FOTO

Bugün TV

Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertinin rəyi

Aynur Camal

Güclü külək ağacları kökündən qopardıb, fəsadlar yaradıb

Aynur Camal