19 C
Baku
Sentyabr 28, 2022
Mədəniyyət

İtgin ər

Əhməd Orucoğlu

İtgin ər…

Üç gündür bizim kişi evdən çıxandır. Yer qalmayıb axtarmayım. Nə ölüsündən xəbər var, nə dirisindən. Axırda naəlac qalıb, getdim polisə. Polis məndən soruşdu ki, ərinin işarələri nədir? Dedim polis qardaş, uca boylu, qartal baxışlı, şir ürəkli, polad biləkli, lay kürəkli, fatır sifətli, gündoğandan baxanda Koroğluya, günbatandan baxanda Qaçaq Nəbiyə oxşayırdı. Polis dedi, narahat olma, ölüsünü tapsaq qapınıza gətirəcəyik, dirisini tapsaq dama basacayıq. Polisdən çıxanda qonşum Bircəbacıya rast gəldim. O, tifilin də inəyi bizim kişi kimi üç gündür yoxa çıxıb. İnək orda, inək burda, soraqlaşa-soraqlaşa gəlib çıxıb bazara. Ət dükanının qənşərində inəyinin kəlləsini görüb, qəssabdan soruşub ki, ay qardaş, bəs bu inəyin cəmdəyi hanı? Qəssab deyib ki, sən kəlləsini apar, cəmdəyi də gəlib çıxar. Sağ əli mənim başıma, nə olardı Bircəbacının inəyi kimi bizim kişinin kəlləsi gələydi, cəmdəyi gəlməsə də olar, kişidə əsas kəllədir. Bircəbacını bazarda qoyub, evə gəlib nə görsəm yaxşıdır? Bizim kişi Bircəbacının inəyindən fərqli olaraq, kəlləsi cəmdəyinin üstündə tirtap uzanıb. Deyirəm ay kişi, üç gündür səni axtarmaqdan əldən düşmüşəm, harada itib-batmısan? Deyir arvad soruşma, başıma oyun gəlib, məni aparmışdılar. Deyirəm hara, gözümün işığı? Deyir ora…Marsa. Deyirəm, kənddə Marsa aparmağa kişi tapmadılar, səni apardılar?! Deyir, arvad, vəziyyət ağırdır, mənə deyiblər bir kəlmə ağzından qaçırsan, evinə od vuracağıq.

-Vay, başın batmasın, bu nə işdir biz düşdük? Bir de görüm Marsdakılar səndən nə istəyirlər?

– Məni sorğu-suala tutdular. Nə soruşdular, dedim bilmirəm.

– Bilmirəm deyən dilinə qurban. Evdə kişi saxlayıram. Bircəbacının inəyi döyül, kəlləsi cəmdəyindən qabaq gəlsin. Sonra necə oldu, ağrın alım?

– Dedilər var-dövlətdən nəyin var? Dedim iki inəyim, yüz baş qoyunum, bir xoruzum, bir arvadım, bir qaynanam.

– Dar macalda qaynananı unutmamısan, cins adamsan. Cicim bilsə tapılmısan, ayağının altında bir qara qoç kəsər. Sonra nə oldu, ağrın alım?

– Sonrasını deməyəcəyəm, soruşma.

– Evimin dirəyi, məndən sözmü gizlədirsən?

– Yox, Allah eləməsin, mən səndən söz gizlədim!

– Elə isə danış, başına dönüm.

– Arvad, mənə gözəl-göycək qızlar göstərdilər, sonra dedilər ki, səndən bala götürmək istəyirik.

– Sən damazlıq inək-zadsanmı, səndən bala götürsünlər? Biz özümüz gül dərdikmi, onlar gülab çəksinlər? Onların başçıları yox idi şikayət edəsən?

– Yerdə olduğu kimi, Marsda da şikayətə baxan yoxdur. Şikayət elədim, xeyri olmadı. Məni toylarına apardılar.

– Ə, danış görək onların toyları necə keçir? Onlar da gəlini “limuzin”də gətirirlər?

– Yox, bəy gəlini boynuna mindirib, toya gətirir.

– Onlarda yaxşıdır, elə birinci gecədən kişini minirlər. Onlarda da “kiçik”, “böyük” toy olur?

– Onlarda bizdən fərqli olaraq, kiçik toyla böyük toy bir gündə olur.

– İraq olsun, anası ölmüş bəyə əziyyət verirlər.


Bu söhbətdən bir neçə gün sonra, səhər yuxudan ayılıb gördüm ki, bizim kişi yenə yoxa çıxıb. Qorxumdan heç kimə bir söz demədim. Dönə-dönə tapşırıb ki, əgər bir nəfərə xəbər versən, evimizə od vurarlar. Üç gündən sonra, bizim kişi peyda oldu. Soruşdum ki, ay kişi, sən Marsa nəylə gedib –gəlirsən? Dedi, uçan boşqabla. Kəndin kənarında məni mindirib, aparırlar, vaxt-vədə yetişəndə yenə kəndin kənarında gətirib düşürdürlər. Deyirəm ay kişi, üç gün bundan öncə uşaqlar kəndin üstündə uçan boşqab görmüşdülər, təsadüfən o sənin boşqabın deyildi? Gülümsəyib dedi, mənimkiydi. Gördüm adam çoxdur, düşmədim.

-Ay kişi, sən mənə de görüm, səndən bala aldılar?

Bizim kişi dərindən ah çəkdi:
-Ay arvad, işlər şuluqdur. Indi məndən başqa şeylər tələb edirlər.

– Nə ağrın alım?

– Deyirlər gələndə arvadını da özünlə gətirməlisən.

– Sən nə dedin?

– Dedim özümlə nə istəyirsiniz edin, arvadımı buralarda görməyəcəksiniz.

– Bərəkallah, halal olsun cicmin çörəyi sənə.

Bir gün səhərə yaxın gördüm ki, bizim kişi geyinib, evdən çıxdı. Maraq xətrinə dedim gedim görüm uçan boşqab necə olur, mən də onun dalınca getdim. Bizim kişi getdi, mən getdim, kənddən çıxdıq, keçdik qonşu kəndə. Qonşu kəndin girəcəyində bizim kişi bir evin qapısını döydü. Bir sarı saç qadın qapını açıb, bizim kişini içəri saldı. Hə, indi başa düşdüm ki, bizim kişidən bala götürmək istəyən bu ciyəriyanmışdır. Nəfəsimi dərib, qapını döydüm, qapını sarı saç qadın açdı. Dedim, sizdə olan qonağa deyin ki, bizim planetə bir də ayağını basmasın, əgər gəlsə, onun boşqabını sındıracağam. Boşqabı sınıq kişi heç bir arvada lazım deyil. Dedim, getdim. O vaxtdan tez-tez kəndimizin üstündə uçan boşqablar görünür, amma bizim kişi bir dəfə də olsun biz tərəflərdə görünmədi. Elə o gedən getdi.

Əhməd Orucoğlu

Oxşar xəbərlər

Balıqların məktubu…

Aynur Əfəndi Zadə

Azərbaycan plovu festivalda

Aynur Camal

Tom Kruz “Doktor Strange” filminin davamında görünmədi .

Sabina Uğur